Mübariz Qurbanlı: Xarici ölkələrin Gürcüstan azərbaycanlılarına təsirlərini önləmək üçün maarifləndirmə işlərinə ehtiyac var
29 sentyabr 2023, 09:17

Gürcüstan azərbaycanlıları arasında bəzi xarici ölkələrin dövlət-din modelinə uyğun təsirlərin gücləndirilməsinin qarşısının alınması üçün dini maarifləndirmə işlərinin artırılmasına ehtiyac var.

Bunu Gürcüstanda səfərdə olan Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı APA-nın Tbilisi müxbirinə açıqlamasında deyib. O, bildirib ki, hazırda azərbaycanlıların yaşadığı bölgələrdəki məscidlərdə fəaliyyət göstərəcək kadrların Gürcüstanda hazırlanmasını həyata keçirəcək kolleclərin yaradılması təklifi irəli sürülür və Azərbaycan tərəfi bu istiqamətdə öz dəstəyini verəcək.

“Gürcüstanın məscidlərində çalışan kadrların hazırlanması da gündəmdə dayanır. Biz bunu Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyi ilə də müzakirə etmişik. Hazırda Gürcüstan Müsəlmanları İdarəsi (GMİ) rəhbərliyi Gürcüstanda dini kolleclərin yaradılması fikrini irəli sürür. Belə dini kolleclərin yaradılması istiqamətində addımlar atılacaq, biz də öz dəstəyimizi verəcəyik. Gürcüstanda azərbaycanlıların dini ibadətlərini yerinə yetirdikləri məscidlərdə məhz Gürcüstanda yaradılmış kolleclərdə təhsil almış imamların ibadətləri həyata keçirməsi nəzərdə tutulur. Hazırda burada ibadətləri həyata keçirən din xadimlərinin təhsillərinin yüksək səviyyəyə qaldırılması ilə bağlı biz də Azərbaycan İlahiyyat institutu vasitəsilə işlər həyata keçirəcəyik. Bu il İlahiyyat İnstitutunun 5 məzunu vardır ki, onlar diplomlarını alaraq Gürcüstana gəliblər, buradakı məscidlərdə çalışmaları istiqamətində işlər həyata keçirilir. Çox məsələlər kadrlardan asılıdır, Kadrlar, əgər din xadimləri başqa ölkələrin dövlət-din modellərini burada təşviq etmirsə, Gürcüstanla Azərbaycanın dostluq münasibətlərini (zədələməyə çalışmırsa-red.), o cümlədən dindən istifadə edən qrupların təsiri altına düşmürsə, burada hər hansı bir çətinlik olmayacaq. Amma bu cür təsir yaratmaq istəyən qruplar var, onlar müsəlman dünyasında bu cür qruplar yaratmaqla öz modellərini təşviq etmək istəyirlər. Bunun çıxış yolu dini maarifləndirməni gücləndirmək, eyni zamanda kadrları vəhdət prinsipləri və islami dəyərləri olduğu kimi təşviq etmə istiqamətində hazırlamaqdır. Gürcüstanda yaşayan azərbaycanlıların sosial, iqtisadi, humanitar xarakterli məsələləri daim Azərbaycan hökumətinin diqqət mərkəzindədir”.

Mübariz Qurbanlı Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini bərpa etməsi istiqamətində atdığı addımların müəyyən dairələr tərəfindən Xristian-İslam qarşıdurması kimi təqdim etmək cəhdlərinə də münasibət bildirib. O, qeyd edib ki, Ermənistanın və erməni lobbisinin bu  hekayə onlardan başqa heç kim inanmayıb.

Azərbaycan ərazisində din sahəsində hər hansı bir təhdid mümkün deyil. Biz respublikamızda geniş işlər həyata keçirmişik. O ki, qaldı bəzilərinin Azərbaycanda baş vermiş hadisələrlə, xüsusilə də bizim vaxtilə Ermənistanın işğalı altında olan torpaqlarımıza qayıtmaq istiqamətində apardığımız işlərlə bağlı məsələləri dini müstəviyə keçirmək cəhdləri - bu cəhdlər baş tutmayıb. Heç bir qlobal mərkəz bu münaqişəni, bizim öz torpaqlarımızı azad etmək istiqamətində apardığımız Vətən müharibəsini, həmçinin lokal xarakterli antiterror tədbirlərini dini müstəvidə qəbul etməyib və bu barədə danışmır. Bunu danışanlar yalnız ermənilər və erməni lobbisidir ki, onlara da inanan yoxdur. Gürcüstanın özündə faktiki olaraq bunun hər hansı dini bir məsələ olduğunu söyləyən yoxdur. Gürcüstan xristian, biz isə müsəlman ölkəsiyik. Amma Gürcüstanla bizim münasibətlərimiz dinlərarası və dövlətlərarası münasibətlərə bir örnək təşkil edir. O ki, qaldı ermənilərə - Bakının mərkəzində erməni kilsəsi saxlanılsa da, işğal vaxtı bizim 67 məscidimizdən 65-i tamamilə dağıdılıb, iki məscid isə yarım dağılı vəziyyətdə idi və onu təmir edib İran məscidi kimi göstərmək istəyirdilər. Eyni zamanda, ermənilər çoxlu vandalizmə də yol veriblər. İndi torpaqlarımız tam azad edilib, Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini bərpa edib. Bu cənab Prezident İlham Əliyevin siyasətinin nəticəsi, Azərbaycan Ordusunun qəhrəmanlığıdır. Bu gün müsəlman ölkələri, eləcə də Azərbaycana dost ölkələr və onların liderləri bizim dövlət başçımıza təbriklər göndərirlər. Bu məsələlər göstərdi ki, Ermənistan bu münaqişəni, bu müharibəni, özünün işğalçı hərəkətlərini din pərdəsi altında göstərmək istəsə də, buna nail ola bilmədi. Ermənistanın işğalçı və revanşist dairələrinin bizimlə bağlı apardıqları siyasət həm hərbi, həm ideoloji, həm də siyasi nöqteyi-nəzərdən tam iflasa uğradı”, - deyə, komitə sədri bildirib.