Mübariz Qurbanlı: "İslam həmrəyliyi ilə bağlı görülən işlər bu dinin gözdən salınması istiqamətində kampaniyaya ciddi zərbə vuracaq"
23 fevral 2017, 08:07
Bu gün müsəlman dünyasında din amilindən istifadə edərək yaradılan qarşıdurmaların qarşısını almaq üçün alternativ yollar tapmağa hər zamankından daha çox ehtiyac var. Bu yol isə dini tolerantlığın, birgəyaşayışın, multikultural dəyərlərin, eyni zamanda, müsəlmanlar arasında həmrəylik ideyasının təbliğ və təşviq olunmasından keçir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Mübariz Qurbanlı qeyd edib ki, bu cür xoşagəlməz halların qarşısını almaq üçün dünyaya İslamın sülh dini olduğunu və müsəlmanların terrorçu deyil, dinindən, irqindən, sosial mənsubiyyətindən asılı olmayaraq hər kəsə dözümlü, bərabər yanaşan toplumlar olduğunu çatdırmağa ehtiyac duyulur. Necə ki, xalqımızın sahib olduğu bu dəyərlər artıq ölkəmizdə həyat tərzinə çevrilib və biz bununla dünyaya “bu yolun alternativi yoxdur” mesajını verməkdəyik.
Komitə sədri bildirib ki, İslam həmrəyliyi istiqamətində görülən işlər islamofobiya, İslamın gözdən salınması, bu dinin terrorla eyniləşdirilməsi istiqamətində aparılan kampaniyaya da çox ciddi zərbə vuracaq. “İslam Həmrəyliyi İli” çərçivəsində İslam dünyası ilə digər dini konfessiyaların mövcud olduğu ölkələr arasında həmrəylik bağı yaradılacaq. Bu da İslam həmrəyliyinə böyük töhfə verəcək. “İslam Həmrəyliyi İli” də ölkəmiz və bütün İslam dünyası üçün uğurlu illərdən biri olacaq. Bu il İslam mədəniyyətinin təbliği və təşviqi, İslam dininin olduğu kimi dünya ictimaiyyətinə çatdırılması, ən əsası İslamı gözdən salan dairələrin hərəkətlərinə qarşı arqumentlərin ortaya qoyulması istiqamətində verilən töhfələrlə yadda qalacaq.
Mübariz Qurbanlı qeyd edib ki, bu gün beynəlxalq aləmdə özünəməxsus yer tutan və İslam Əməkdaşlıq Təşkilatında birləşən müsəlman ölkələri dünya əhalisinin təqribən 22 faizini təşkil edir. Bu göstəricinin 2050-ci illərdə 30 faizə yaxınlaşacağı ehtimal olunur. Bu isə onu göstərir ki, İslam faktoru dünya siyasətində çox ciddi rol oynayır.
“Biz bilirik ki, İslam dünyasında bəzi məsələlərlə əlaqədar ziddiyyətlər, fikir ayrılıqları var, ayrı-ayrı müsəlman ölkələri arasında qarşıdurmalar mövcuddur”, – deyən komitə sədri vurğulayıb ki, İslam dini adı altında fəaliyyət göstərən terror təşkilatlarını dəstəkləyən qrupların dünyada islamofobiya meyillərinin artmasına rəvac verdikləri danılmaz faktdır. Təəssüf ki, Avropa ictimai rəyini diqqətlə izləsək, bütün terror aktlarının İslam dini ilə əlaqələndirildiyini görərik. Halbuki 2015-ci ildə ümumilikdə dünya üzrə terrorların 70 faizi müsəlman, 5 faizi isə Avropa ölkələrində baş verib. Lakin dünya mediasında aparılan məqsədyönlü informasiya siyasəti nəticəsində 5 faizin ətrafında qoparılan hay-küy 70 faizin səsini batırıb. Müsəlman ölkələrində terror törədənlər İslam adı altında fəaliyyət göstərən və bəzi dairələr tərəfindən maliyyələşdirilən qruplardır.