Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi
Mübariz Qurbanlı: “Dini radikalizmə qarşı mübarizədə Azərbaycan İslam dünyası ilə birgə hərəkət edir”
27 fevral 2017, 12:31
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının APA-ya müsahibəsi
- Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı dövlət başçısının sərəncamını, kənddə Şuşa məscidinin layihəsi ilə məscid tikintisinin planlaşdırılmasını necə qiymətləndirirsiniz?
- Ermənistanın Azərbaycana qarşı təcavüzünün aradan qaldırılması istiqamətində prezident İlham Əliyevin rəhbərliyi ilə çox böyük işlər həyata keçirilir və bu, bütün sahələrdə özünü göstərir. Ancaq Ermənistanın qeyri-konstruktiv mövqedən çıxış etməsi bu problemin həllini yubadır. Ermənistanda olan bəzi çıxışları izləyirik və görürük ki, yenə də guya güclü olduqları, nəyəsə qadir olduqları barədə bəyanatlar verirlər. Amma zaman Azərbaycanın xeyrinə işləyir. Ermənistan faktiki olaraq beynəlxalq təşkilatlarda, iqtisadi və ideoloji cəbhələrdə məğlub vəziyyətdədir. Keçən ilin aprel döyüşləri zamanı Azərbaycan ordusunun uğurları bunu bir daha göstərdi. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq, abadlıq işləri Azərbaycanın öz torpaqlarını qaytarması istiqamətində apardığı siyasətin tərkib hissəsidir. Bu, bir daha sübut edir ki, biz istənilən azad olunmuş yaşayış məntəqəmizi qısa zaman kəsiyində bərpa etmək iqtidarındayıq.
Cənab prezidentin Cocuq Mərcanlıda quruculuq, abadlıq işlərinin aparılması ilə əlaqədar imzaladığı sərəncamla artıq bərpa işlərinin həyata keçirilməsinə başlanıb. Burada eyni zamanda Şuşa məscidinin layihəsinə uyğun məscidin də inşa edilməsi nəzərdə tutulub. Qafqaz Müsəlmanları İdarəsi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bu tapşırığa uyğun olaraq tədbirlər həyata keçirməkdədir. Bu addımın bizim üçün mənəvi cəhətdən də çox böyük əhəmiyyəti var. Azərbaycan tərəfi öz milli-mənəvi dəyərlərini qorumaq üçün də müəyyən siyasət həyata keçirir. Bu, prezident İlham Əliyevin uzaqgörən siyasətinin təzahürüdür. Ermənistan işğal etdiyi ərazilərdə tarixi abidələrimizi, məscidlərimizi, qəbiristanlıqlarımızı, ziyarətgahlarımızı dağıdıb. Amma Azərbaycan tərəfinin azad etdiyi bölgələrdə milli-mənəvi dəyərlərimizi özündə ehtiva edən abidələrimizi bərpa etməsi bir daha göstərir ki, Ermənistanın məqsədyönlü şəkildə bizim tarixi yaddaşımıza məxsus olan bu və ya digər abidələrimizi məhv etmək cəhdi iflasa uğrayacaq.
Azərbaycanda bu gün dövlət-din münasibətləri sahəsində həyata keçirilən siyasətdə işğaldan azad edilmiş ərazilərdə bu kimi məsələlərin həlli öz yerini tapıb.
- Dövlət-din münasibətlərindən söz düşmüşkən, bu gün Azərbaycanda dini durumu necə qiymətləndirmək olar?
- Bu gün Azərbaycanda dini durum sabitdir. Hüquq-mühafizə orqanları, Dövlət Komitəsinin bölgə şöbələri, Qafqaz Müsəlmanları İdarəsi və digər aidiyyəti qurumlar vasitəsilə bu sahədə geniş şəkildə iş aparılır. O cümlədən, dini maarifləndirmə ilə bağlı işlər yüksək səviyyədədir. Dini maarifləndirici kitablar nəşr edilir, konfranslar keçirilir. Azərbaycan prezidenti bu ili “İslam Həmrəyliyi İli’ elan edib. “İslam Həmrəyliyi İli” ilə əlaqədar iki istiqamətdə – ölkə daxilində və xaricdə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Ölkədaxili tədbirlərin bir istiqaməti vəhdət namazının digər məscidlərdə də geniş şəkildə təşviq və təbliğ edilməsi, məzhəblərarası hər hansı qarşıdurmaya imkan verilməməsi, dini-radikal qruplara qarşı ideoloji mübarizənin gücləndirilməsidir. Ölkədaxili tədbirlərdə digər istiqamət isə müxtəlif dini konfessiyalarla birlikdə tədbirlərin keçirilməsi, o cümlədən Azərbaycandakı dini konfessiya nümayəndələrinin tolerant, birgəyaşayış nümunəsinin təbliği və təşviqidir.
Xaricdə isə Türkiyə, ərəb ölkələri, İran İslam Respublikası və Rusiyada tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bu tədbirlərdə İslam həmrəyliyinin Azərbaycan nümunəsini təşviq etməyə, eyni zamanda müxtəlif dinlər arasında həmrəyliyin təbliğ olunmasına nail olmağa çalışacağıq. Təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə yanaşı, Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Qafqaz Müsəlmanları İdarəsi, Prezident Administrasiyasının müvafiq şöbələri, həmçinin digər nazirliklər, QHT-lər, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsi ilə birlikdə bir sıra beynəlxalq tədbirlərin, sərgilərin keçirilməsi nəzərdə tutulub.
Bizim bu gün qarşımızda duran əsas məsələlərdən biri dini radikalizmə qarşı mübarizədir. Dini radikalizmə qarşı mübarizə dedikdə biz din adı altında İslamı gözdən salmağa cəhd edən qrupları, dairələri nəzərdə tuturuq. Bu qruplar İslam adı altında əslində İslamın özünə zərbə vururlar. Bu gün Suriya, İraq və Yaxın Şərqdəki digər ölkələrdə həmin dini radikal qrupların “fəaliyyəti”nin mənfi nəticələrini görürük. Dini radikal qrupların bu cür əməllərinin nəticəsidir ki, Avropadakı İslam əleyhdarları bu amildən İslam dininə qarşı bir vasitə kimi istifadə etməyə çalışırlar. Bu gün əhalisinin təqribən 7-8 faizi İslam dininin daşıyıcıları olan Avropa ölkələrindəki məscidlər, İslam icmaları həqiqi İslamı nümayiş etdirə bilirlər. Lakin bəzi dini radikal qrupların mənfi əməlləri Avropada sıradan insanlarda İslama qarşı müəyyən mənada şübhə, inamsızlıq yaradır. Eyni zamanda, Avropada siyasi qruplar içərisində radikallaşan millətçi dairələr var ki, onlar bundan sui-istifadə edir və öz təbliğatlarında islamofobiya elementlərini açıq şəkildə nümayiş etdirirlər.
- Radikal qruplara qarış effektiv mübarizə necə təşkil oluna bilər?
- Radikal qruplara qarşı mübarizə bütün İslam dünyasının vəzifələrindən biridir. Prezident İlham Əliyevin 2017-ci ili “İslam Həmrəliyi İli” elan etməsi məhz radikal qrupların bu əməllərinə qarşı İslam dünyasında ideoloji baxımdan birləşməni də özündə ehtiva edir. Yəni biz əsl islami dəyərləri gözdən salmağa cəhd edənlərə qarşı dayanmalı, onların qarşısını almalıyıq. Bütün İslam ölkələrindəki tanınmış din xadimləri, islamşünas alimlər bir araya gəlməli və İslamı gözdən salmağa çalışan qrupları ideoloji cəhətdən ifşa etməlidirlər. Biz görürük ki, radikal qrupların irəli sürdüyü tezislər nə “Qurani-Kərim”ə, nə də peyğəmbərin hədislərinə söykənir. Onlar İslamı təhrif edir və dindən öz məqsədləri üçün istifadə etməyə calışırlar.
Bu baxımdan biz həm ölkə daxilində fəaliyyətimizi genişləndirir, Azərbaycanı İslam həmrəyliyinin nümunəsi kimi dünyaya tanıtdırırıq, həm də bu nümunəni bütün İslam dünyasında yaymağa çalışırıq. Ona görə də bizim bu tədbirlərimiz yalnız müsəlman ölkələri ilə məhdudlaşmır. Eyni zamanda, Avropada da bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur ki, bu tədbirlər vasitəsilə Azərbaycan nümunəsində İslam həmrəyliyini nümayiş etdirmək niyyətindəyik.
Biz dini radikal qruplara qarşı mübarizədə qonşu, xüsusən dost və qardaş ölkələrlə, o cümlədən Rusiya Federasiyasının aidiyyəti qurumları, Mərkəzi Asiyanın müsəlman ölkələri - Qazaxıstan, Özbəkistan ilə ikitərəfli əlaqələri genişləndirmişik. Tacikistan və Qırğızıstanın müvafiq dövlət qurumları ilə bu istiqamətdə işləri davam etdiririk. Yəni İslam dünyasında, İslam coğrafiyasında dini radikalizmə qarşı mübarizədə bütün istiqamətlərdə birgə fəaliyyətə hazır olduğumuzu nümayiş etdirir və bu sahədə fəaliyyətimizi həyata keçiririk.
Radikal qruplara qarşı mübarizə İslam dünyasının özünün qarşısında duran vəzifələrdən biridir. Əlbəttə, bunu yalnız “İslam radikalizmi” adı ilə təqdim etmək də doğru deyil. Bu, radikalizmdir. Ekstremizm və radikalizmin qarşısına İslam ifadəsini qoymaq doğru olmazdı. Ekstremizm və radikalizmin özü terrorizmə bərabər bir məfhumdur. Terrorun milliyyəti, vətəni, dini olmadığı kimi, ekstremizm və radikalizmi də hər hansı bir dinə bağlamaq doğru deyil. Bəzən buna Avropa ölkələrinin mətbuatında “İslam radikalizmi” deyirlər. Əslində “radikalizm” sözünün qarşısındakı “İslam” sözünün həmin radikal qrupların fəaliyyəti və əməlləri ilə heç bir qarşılıqlı əlaqəsi yoxdur. Çünki “İslam” sözü onu pərdələmək məqsədi daşıyır. Bu, radikalizmdir. Radikal qruplar isə öz fəaliyyətlərində din adından sui-istifadə edirlər.
Bu istiqamətdə bir sıra İslam ölkələri, eləcə də Türkiyə, İran İslam Respublikası və daha öncə qeyd etdiyim ölkələrin dövlət qurumları ilə ikitərəfli əlaqələrimiz var. İran İslam Respublikası ilə əlaqələrimizi xüsusi qeyd etmək istəyirəm. İran Azərbaycana dost ölkədir və Azərbaycanla İran arasında ikitərəfli əlaqələr yüksələn xətt üzrə inkişaf edir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu prinspial, fundamental siyasət bu gün prezidentimiz İlham Əliyev tərəfindən çox böyük uğurla davam etdirilir. İran İslam Respublikası ilə Azərbaycan arasında ikitərəfli əlaqələr regional əməkdaşlıq çərçivəsində yüksək səviyyəyə çatıb. Xəzər hövzəsindəki ölkələrlə, o cümlədən İran, Azərbaycan və Rusiya arasında, Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılması istiqamətində çox mühüm nailiyyətlərə imza atılıb. Bizim sosial, iqtisadi, siyasi, beynəlxalq sahədəki bu nailiyyətlərimiz humanitar sahədəki əlaqələrimizə də öz müsbət təsirini göstərməkdədir. Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, digər nazirliklərimiz və humanitar təşkilatlarımız İranın müxtəlif qurumları ilə ikitərəfli əlaqələri genişləndirib. İranın müvafiq qurumlarının nümayəndələrinin Azərbaycana səfərləri, Dövlət Komitəsinin vaxtaşırı İranın müvafiq qurumları ilə ikitərəfli əlaqələri və qarşılıqlı səfərlərimiz nəticəsində biz dini radikal qruplara qarşı birgə mübarizə aparmış, bütövlükdə islami dəyərlərin təbliği və təşviqi ilə əlaqədar çoxlu sayda tədbirlərə imza atmışıq və bu tədbirlər bu gün də davam etməkdədir.
Türkiyənin müvafiq dövlət qurumları ilə də dini radikal qruplara qarşı mübarizə istiqamətində işlərimizi davam etdiririk.
Bütövlükdə dövlət-din münasibətləri və prezidentimizin din sahəsində müəyyən etdiyi xətt bu gün uğurla davam edir. Biz hesab edirik ki, Azərbaycanın mövqeyinin möhkəmliyi onun gücü, regiondakı lider mövqeyi ilə sıx surətdə bağlıdır. Dini radikalizmə qarşı mübarizədə Azərbaycan bütün İslam dünyası ilə birgə hərəkət edir.
- 2014-cü ildən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə rəhbərlik edirsiniz. Ötən müddətdə ölkədə dini radikalizm meylləri nə dərəcədə azalıb, yaxud əksi müşahidə olunub?
- Dini radikal və ekstremist qruplara qarşı mübarizə bütövlükdə İslam dünyasında öz müsbət nəticələrini verir. Bu gün İŞİD terror qruplaşmasının hər hansı formada siyasi, iqtisadi, sosial sahədə, eləcə də insanlar tərəfindən müdafiə olunması çox aşağı səviyyəyə enib. İlkin başlanğıcda müxtəlif müsəlman ölkələrində, onların mətbuatında İŞİD deyilən qruplaşmanı müdafiə edənləri görürdük. Günümüzdə bu kimi halların sayı azalıb. Azərbaycanda dini radikal ekstremist qruplara qarşı mübarizə öz müsbət nəticələrini verib. Bu gün Azərbaycandan hər hansı bir şəxsin İŞİD deyilən dini radikal qruplaşmaya, yaxud digər qeyri-qanuni silahlı birləşməyə qoşulması haqqında məlumatlara rast gəlmirik. Eyni zamanda Azərbaycan ictimai rəyində bu cür hərəkətlərin, dini radikal ekstremist qrupların nə qədər təhlükəli olduğu birmənalı şəkildə qəbul edilir. O cümlədən, mətbuatımız bu sahədə təşviqatda, təbliğatda çox böyük rol oynayır. Hesab edirəm ki, ölkəmizdə aparılan dini maarifləndirmə işlərinin nəticəsi olaraq həmin qruplaşmaları təşviq edənlərin sayı kifayət qədər azalıb. Çünki bu cür dini radikal qruplaşmaların İslam üçün nə qədər təhlükəli olduğunu artıq cəmiyyət dərk edir.
Dövlət səviyyəsində hüquq-mühafizə orqanları və digər qurumlarla birgə apardığımız işlər nəticəsində radikal qrupların toplaşdığı məscidlərin sayı azalıb. Görülən məqsədyönlü və ardıcıl işlər sayəsində cəmiyyət tərəfindən inkar edilən, hər hansı sosial-iqtisadi dayağı olmayan bu cür radikal dini qruplaşmalar Azərbaycanın din mühitindən kənarlaşdırılıb. Hesab edirik ki, zamanla başqa ölkələrdə də bu cür olacaq.
- Yəni demək olarmı ki, məscidlərdə belə radikal qrupların təsiri minimuma enib?
- Azərbaycanda dini radikal qrupların təsiri altında olan məscidimiz yoxdur. Bütün məscidlərimiz bu gün islami dəyərlərimizə və mövcud qanunvericiliyin tələblərinə əməl edən məscidlərdir. Məscidlərimizin rəsmi surətdə fəaliyyət göstərən təyinatlı imamları, axundları xütbələr, moizələr oxuyarkən tam şəkildə qaydalara əməl edirlər. Məsələn, ötən həftə məscidlərdə Xocalı soyqırımı, şəhidlərlə bağlı xütbələr oxunub. Eyni zamanda, düşmənin bu hərəkətlərini pisləyən fikirlər söylənib. Başqa vaxtlarda da məscidlərimizdə moizələrdə, xütbələrdə əsl islami dəyərlər, “Qurani-Kərim”dən irəli gələn müddəalar və peyğəmbər sünnəsinə aid müddəalar səsləndirilir. Digər radikal qrupların məscidin minbərindən öz mənhus məqsədləri üçün istifadəsi mümkünsüzdür. Buna heç vaxt yol verilmir və verilməyəcək.