Mübariz Qurbanlı: «Azərbaycandan son 1 ildə xarici dini silahlı birləşmələrə qoşulan olmayıb»
02 noyabr 2016, 02:06
“Son 1 il ərzində Azərbaycandan xaricdə olan qeyri-qanuni silahlı birləşmələrə qoşulmaq üçün gedən qeydə alınmayıb. Əvvəlki illərdə biz ailəsi ilə, yaxud fərdi şəkildə dünyanın ayrı-ayrı qaynar nöqtələrinə, o cümlədən Suriyaya gedənlər haqqında tez-tez eşidirdik. Hazırda bu cür faktlar azalıb. Eyni zamanda, dini baxımdan təşviqat aparan dini radikal qruplar var ki, onların da fəaliyyətində səngimə hiss olunmaqdadır.” Bu sözləri SİA-ya müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
O bildirib ki, Dövlət Komitəsi dini radikal qruplara qarşı mübarizədə 3 əsas istiqaməti nəzərdə tutur. Birincisi, hüququ müstəvidə gedən mübarizədir ki, Komitə hüquq mühafizə orqanları ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq nəticəsində ölkəmizdə yayılması məqbul sayılmayan ədəbiyyatın Azərbaycana gətirilməsinin qarşısını alınıb. Əfqanıstanda, Suriyada, İraqda, Şimali Afrikada, Somalidə mövcud olan dini radikal qruplar var ki, onlar zamanında müxtəlif adlar - “Boko Haram”, “Əl Qaidə”, “Taliban”, hazırda isə İŞİD adı ilə fəaliyyət göstərirlər. Onlar İslam içərisində yaranan müəyyən cərəyanlardan ideya alan və onları reallaşdırmağa çalışan qruplardır. İslam dini bütövdür və Qurani-Kərimə, Peyğəmbərin sünnəsinə, onun hədislərinə, söykənir. İslam dini çərçivəsində elə cərəyanlar var ki, onlar İslam dini adı altında gizlənərək müəyyən sifarişləri yerinə yetirir və ya öz şəxsi maraqlarını reallaşdırmaq istəyiblər. Bu cür qruplar terrora, silaha əl atmaqla başqalarının maraqlarını yerinə yetirirlər. Lakin onların fəaliyyəti birbaşa İslam dininə zərbə vurur, din haqqında mənfi rəy formalaşmasına şərait yaradır. Bu baxımdan da həmin dini radikal cərəyanlara qarşı bütün İslam ölkələrində mübarizə gedir. Bu cür qrupların Azərbaycana gəlməsi, burada yuva salması bizim üçün təhlükə yarada bilər. Müstəqilliyimizin ilk illərində yaranan şərait, Ermənistan təcavüzü, qaçqın və məcburi köçkünlük, işğal olunan ərazilər, iqtisadi gerilik, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinə qədər olan xaotik vəziyyət bütün sahələrdə olduğu kimi din sahəsində də özünü nümayiş etdirirdi. Bu vəziyyətdən istifadə edən bəzi qruplar Azərbaycanda ilkin özəklərini, dəstək qruplarını yaratmağa çalışıblar. Müəyyən mənada buna nail ola bilmişdilər.  Lakin Azərbaycan, iqtisadiyyatımız gücləndikcə, qanunvericilikdə dəyişiklik edildikcə insanlar bu cür qrupların təsirindən çıxıblar və bu gün həmin qruplar azlıqdadırlar. Komitə onlarla mübarizədə hüquq-mühafizə orqanları ilə birgə hərəkət edir. Həmin qrupların məscidlərdə gəlib hansısa təşviqat aparmaq, eyni zamanda kitab və digər dini məhsullar yaymaq imkanları yoxdur.