“Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda keçirilən üçgünlük regional konfrans yekunlaşıb
15 dekabr 2023, 08:30

Dekabrın 15-də Ağcabədidə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda keçirilən üçgünlük regional konfrans öz işini davam etdirib.

Tədbirin sonuncu günündə DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xətai Zeynalov, Regional Gənclər İdarəsinin Gənclər sektorunun müdiri Orxan Fəxrəddinov və gənclər iştirak ediblər.

Çıxışlar zamanı bildirilib ki, çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətləri bu gün də yüksək səviyyədədir və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İnsanların dini inanclarına hörmətlə yanaşmaq, dini mənsubiyyətinə görə insanlar arasında fərq qoymamaq vətəndaş cəmiyyətinin, hüquqi dövlətin əsas əlamətlərindən sayılır. Ölkəmizdə dövlət-din münasibətlərinə həssas nəzarətlə bərabər etiqad azadlığı üçün şərait yaradılır, dini dəyərlərə, ibadət yerlərinə xüsusi qayğı göstərilir. Bu gün Azərbaycanda dini etiqad azadlığı tam şəkildə təmin edilir və bütün dinlərin, xalqların, etnik qrupların nümayəndələri eyni hüquqlara malikdirlər.

Çıxışlar zamanı, həmçinin gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsinin vacibliyi vurğulanaraq, yad təsirlərlə mübarizədə intellektli gəncliyin formalaşması üçün təhsil amilinin, eyni zamanda DQİDK tərəfindən keçirilən maarifləndirmə tədbirlərinin roluna diqqət yetirilib.

Mövzu ətrafında geniş müzakirələr aparılaraq, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.