Monastır kompleksi (XIII əsr),Zar kəndi
16 yanvar 2021, 07:50

Kəlbəcər Rayonunun Zar kəndi zəngin mədəniyyəti, qədim tarixi abidələri ilə seçilən yerlərdən olmuşdur. Hələ sovet dövründə Azərbaycan arxeoloqlarının Kəlbəcərdə Zar açıq düşərgəsində apardıqları tədqiqatlar burada insanların paleolit dövründən məskun olduğunu göstərmişdir.

Zar kəndində alban abidəsi olan Müqəddəs Tanrı ana monastır kompleksi yerləşir. Monastır Tərtər çayının sol sahilində Xudavəng monastırından 3 km qərbdə yerləşir. Qarabağ yaylasının ətəyində yerləşən Müqəddəs Tanrı ana monastır kompleksi 1993-cü ilə qədər tam şəkildə qorunub qalmaqda idi.

Kilsənin timpanında onun inşa edilmə tarixinin 1174-ci il, sifarişçisinin isə Kürikenin (Gürgənin) qızı Mamkan xatun olduğu barədə məlumat verilir. Zar kilsəsindəki kitabələrdə həm Həsən Cəlalın xanımı Mamkan xatundan və Qriqorisin anası Xorişədən (Hurişah) bəhs edilir.

Ümumilikdə monastır ərazisində 1174, 1178, 1261-ci illərə aid edilən səkkiz kitabə aşkar edilmişdir. Mənbələr monastır ərazisindəki kitabələrdə knayzlar knayzı Sarkisin qızı və I Həsənin xanımı olmuş Dəfnə xatun və onun oğlanları haqda məlumat olduğunu yazırlar. Dəfnə xatunun oğlu, Xanabert hakimi Həsənın Zar kəndini çox sevdiyini yazılır.

Dəfnə xatun Xaçın knyaz I Həsənin ölümündən sonra Yuxarı Xaçının, o cümlədən Zar ərazisinin hakimi olmuşdur. O, Həsənin oğlu Qara Qriqorinin xanımı, knyazlar knyazı Sarkisin qızı idi. Onların izdivacından Cəsur Həsən doğulmuşdur. Cəsur Həsənin isə Kürikin (Gürgənin) qızı Mamaxatundan (Mamkan) oğlu Qriqor və nəvəsi knyaz Bəhram olmuşdur. Yuxarı Xaçın Zar və Xatra monastırları ilə birlikdə bu sülələyə aid idi. XII–XVI əsrlər boyu Xaçın sülaləsinin bir qolu olan Dəfnə sülaləsi Yuxarı Xaçın ərazilərini idarə etmişdir. XV əsrin ortalarından Dəfnə sülaləsi Ulubəyoğulları, Aytinoğulları və Doğanoğulları kimi məlik sülalələrinə parçalanmış, daha sonra Ulubəyoğulları sülaləsindən Vərəndə məlikliyini idarə edən Məlik-Şahnəzərov nəsli törəmişdir. Ümumiyyətlə, son tədiqatlar göstərir ki, Alban-Xaçın knyazları soy-kök baxımından türk əsilli idilər və evlənərkən də əsasən Qıpçaq nəsillərindən qız alırdılar. Həsən Cəlalın atası türk əsilli Hurişah (Xorişə) xatunla izdivac qurmuşdu. Hurişah xatunun babası Qıpçaq əsilli Uzunqollular soyunun bəyi Vaqram (Zaxare), atası Akbuğa, qardaşları isə Vaqram, Zaxare və İ̇vane idi.

Göründüyü kimi, Qarabağın alban tarixi qədim türk köklərinə dayanır. XII əsrdən etibarən isə alban intibahının çiçəkləndiyi Xaçın knyazlığı dövründə, Alban-Xaçın knyazlarının onlara soykök baxımından yaxın, tanınmış Qıpçaq nəsillərindən qız almaları, bu türk qatını daha da möhkəmləndirmişdir. Maraqlıdır ki, xristian qıpçaq xatunlar Qarabağa gəlin gəldikdən sonra da türklüklərini simvolizə edən xatun titulunu qoruyub saxlamışdılar.

Zar kəndində yerləşən monastır kompleksinə müxtəlif qorunma vəziyyətində olan iyirmidən çox tikili daxildir. Kompleksin mərkəzində monastırın əsas kilsəsi yerləşir. Üçnefli bazilika formasına malik kilsənin kvadrat formalı narteksi, biri həyətə, digəri isə sovməyə açılan iki qapısı var. Kompleksin ən qədim tikilisi Müqəddəs Tanrı ana kilsəsi olmuşdur. Kompleksin şimal hissəsində yerləşən Müqəddəs Tanrı ana kilsəsi düzbucaqlı plan formasında olub tağtavanla örtülmüşdür.

Qərb tərəfdən kilsə binasına bitişik düzbucaqlı formalı narteks inşa edilmişdir. Onun qərb girişi orta otağa aparır, cənub-qərb qapısı isə həyətə açılır. Kilsənin qərb tərəfinə bitişik inşa edilmiş ikinci tikili qədim sovmədir. Sovmənin şimal divarı həm də Müqəddəs Tanrı ana kilsəsinin qərb divarıdır. Monastırın qərb tərəfində mülki məqsədlər üçün istifadə edilmiş tikililər və onların xarabalıqları qalmışdır. Həmin tikililərdən tağtavana malik düzbucaqlı bina, həmçinin monastırın cənub tərəfində bir sıra yaşayış və təsərrüfat məqsədli tikililər vardır. Müqəddəs Tanrı ana monastırına daxil olan bütün tikililərin inşasında əksər alban kilsələrinin inşaat texnikasına uyğun olaraq yonulmamış kobud çaydaşılarından istifadə edilmişdir.

XIII əsrə aid Müqəddəs Tanrı ana monastır kompleksi 1993-cü ilə qədər, Kəlbəcərin Erməni silahlı qüvvələri tərəfindən işğalına qədər tam şəkildə qorunub qalmaqda idi.