Aprelin 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsi və Mingəçevir Şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində “Aprel döyüşləri: böyük zəfərin müqəddiməsi” mövzusunda konfrans keçirilib.
Tədbirdə Mingəçevir ŞİH başçısı İlham İsmayılov, DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Əlisa Fərəcov, YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, ziyalılar, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Daha bir tədbir "Aprel döyüşləri: böyük zəfərin müqəddiməsi" mövzusunda İmişli rayonunda baş tutub. Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Bəhrəm Ədalət oğlu, Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Abdulla Əlizadə, rayon Heydər Əliyev Mərkəzinin direktoru Lalə Heydərova, İmişli şəhər 7 saylı tam orta məktəbin müəllim və şagirdləri, eləcə də qazilər iştirak ediblər.
Çıxışlarda Aprel döyüşlərində qazanılan şanlı qələbənin Azərbaycan tarixində böyük qayıdışın başlanğıcı və böyük zəfərə aparan yol olduğu bildirilib. Xalqımızın otuz il müddətində davam edən Vətən, yurd və doğma torpaq üzərindəki həsrətinin Aprel döyüşlərində və 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun bizə yaşatdığı qələbə müjdəsi ilə yekunlaşdığı iştirakçıların diqqətinə çatdırılıb.