Mingəçevirdə “Şuşa şəhəri 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı” mövzusunda seminar keçirilib
14 avqust 2024, 07:56

Avqustun 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax regional bölməsi və Mingəçevir Bələdiyyəsinin birgə təşkilatçılığı ilə “Şuşa şəhəri 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı” mövzusunda seminar keçirilib.

Müvafiq qurumların əməkdaşlarının iştirakı ilə keçirilən tədbirin əvvəlində Vətənin müstəqilliyi uğurunda şəhid olanların ruhu anılıb.

Çıxış edənlər Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan, o cümlədən İslam mədəniyyətinin inkişafında, zənginləşməsində öz tarixi dini abidələri, alimləri ilə əhəmiyyətli rol oynamış Şuşa şəhərinin İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsinin heç də təsadüf olmadığını qeyd edib, bunun ölkəmiz üçün tarixi hadisə olduğunu, bu əlamətdar hadisənin İslam aləminin Şuşa mədəniyyətinə verdiyi yüksək qiymət kimi dəyərləndiriblər. Qeyd edilib ki, bu gün Şuşa şəhəri beynəlxalq tədbirlərə, böyük mədəniyyət layihələrinə ev sahibliyi edir. Bu qədim şəhərimizdən dünyaya sülh, birlik və humanizm mesajları verilir.