Mingəçevirdə “Qərbi Azərbaycan tarixi” mövzusunda tədbir keçirilib
20 fevral 2025, 07:25

Fevralın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax regional bölməsi, Mingəçevir Dövlət Universiteti (MDU) və Qərbi Azərbaycan İcmasının (QAİ) Mingəçevir nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan tarixi” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Yevlax regional bölməsinin baş məsləhətçisi Əlisa Fərəcov, MDU-nun dekanı Nizami Zeynalov, QAİ-nin Mingəçevir şəhər nümayəndəsi Mayil İsmayılov, Mingəçevir şəhəri “Heydər” məscidi dini icmasının sədri Qurban Vahidov, ziyalılar, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlarda ermənilərin Azərbaycanlılara qarşı törətdiyi soyqırımı, etnik təmizləmə və deportasiya siyasətindən bəhs olunub. Qeyd edilib ki, XX əsrdə mərhələlərlə davam etmiş ermənilərin deportasiya siyasəti tarixi-mədəni irsimizin məhvi ilə də nəticələnib, abidələrimiz dağıdılıb, qədim Azərbaycan toponimləri saxta və uydurma adlarla əvəzlənib. O da diqqətə çatdırılıb ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi Qərbi Azərbaycana qayıdışın da siyasi və hüquqi əsasını qoyub.  Bu siyasət bu gün də möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Daha sonra tədbirdə müzakirələr aparılıb.