Martın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsi və Mingəçevir Dövlət Universitetinin (MDU) birgə təşkilatçılığı ilə “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” mövzusunda seminar keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Əlisa Fərəcov, MDU-nun kafedra müdiri Esmira Cəfərova, “Mingəçevir İşıqları” qəzetinin baş redaktoru və Mingəçevir Valideynlər Assosiyasiyasının sədri Fərman Nəbiyev, eləcə də universitetin gənc müəllimləri, magistrları və fəal tələbələri iştirak ediblər.
Tədbirdə mövzunun aktuallığından bəhs olunub. Qeyd edilib ki, zorakılıqdan zərər çəkmiş şəxslərə təxirəsalınmaz və hərtərəfli yardım göstərilməsi, məişət zorakılığı ilə mübarizə sahəsində dövlət orqanlarının potensialının artırılması, qeyri-hökumət təşkilatlarının dəstəklənməsi, uzunmüddətli və kompleks yanaşma tələb olunur.
Bildirilib ki, bu gün dünyanın ən mühüm problemlərindən biri olan məişət zorakılığının qarşısının alınması üçün güclü qanunvericilik və dövlət dəstəyi ilə yanaşı, cəmiyyət özü, xüsusilə vətəndaş cəmiyyəti zorakılıq hallarına adekvat reaksiya verməlidir.
Tədbir diskussiya şəkilində davam etdirilib, iştirakçıların sualları cavablandırılıb. Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə çap olunmuş kitablar hədiyyə edilib.