Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutunun birgə təşkilatçılığı ilə noyabrın 3-4-də Mingəçevir şəhərində “Peşəkar dini fəaliyyət: müasir çağırışlar kontekstində” mövzusunda ikigünlük seminar-treninq keçiriləcək.
Təlimin məqsədi din xadimlərinin nəzəri bilik və praktiki bacarıqlarını inkişaf etdirmək, peşəkar dini xidmətin müasir tələblərə uyğunlaşdırılmasını təmin etmək, eləcə də dini maarifləndirmə fəaliyyətini gücləndirməkdir.
Seminar-treninqdə din xadimlərinin fəaliyyətinin prioritet istiqamətləri, dini sahədə aktual çağırışlar, radikalizm və ekstremizm meyillərinin qarşısının alınması, dini icmalarla işin səmərəliliyinin artırılması və ictimaiyyətlə effektiv kommunikasiyanın qurulması məsələləri müzakirə olunacaq. Həmçinin milli-mənəvi dəyərlərin təbliği və dini maarifləndirmə sahəsində təcrübə mübadiləsi aparılacaq.
Proqram çərçivəsində mövzuya dair təqdimatlar, ekspert çıxışları və interaktiv təlim sessiyaları təşkil ediləcək. Təlimlər din xadimlərinin peşəkar səriştələrinin artırılmasına və müasir çağırışlara uyğun baxışlarının formalaşdırılmasına xidmət edəcək.