İyulun 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Mingəçevir Gənclər Evində “Aşura mərasimləri: tarix, ənənə və hüquq müstəvisində” mövzusunda seminar keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov, Mingəçevir Gənclər Evi Sosial Xidmət Müəssisəsinin direktor müavini Samrin Xanlayev, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin nümayəndələri Daşqın İsmayılov və aparıcı məsləhətçisi Xəyal Hətəmov, Mingəçevir şəhəri “Heydər” məscidinin imam müavini, ilahiyyatçı Bəhruz Əhmədov, Gənclər Evinin könüllüləri və din xadimləri iştirak ediblər.
Daha bir tədbir isə Şəmkir rayonunda keçirilib. Qeyd olunan tədbir DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Pərvin Zeynalov, Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ruhid Hacıyev və din xadimlərinin iştirakı ilə baş tutub.
Çıxışlarda dövlətin dini sahəyə, din xadimlərinə diqqət və qayğı göstərdiyi vurğulanıb. Məhərrəm ayı ilə əlaqədar tədbirlərin Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının fətvasına uyğun keçirilməsinin vacibliyi qeyd olunub.