Mingəçevir və Ağstafada maarifləndirmə tədbirləri keçirilib
26 oktyabr 2022, 08:23

Oktyabrın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Mingəçevir Tibb Kollecində “Uşaq hüquqlarının qorunması: erkən nikah problemi və ona qarşı mübarizə yolları” mövzusunda treninq keçirilib.

Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşı Səbirə Yusifli, Uşaq-Gənclər İnkişaf Mərkəzinin metodisti Ülviyyə Kərimova, Uşaq və Ailələrə Dəstək Mərkəzinin eksperti Dilşad İlyasova, kollecin müəllim və tələbələri iştirak ediblər.

Çıxışlarda erkən nikah probleminin yaranma səbəbləri, onun törətdiyi fəsadlar, cəmiyyət üçün yaratdığı problemlərdən danışılıb. Bu sahədə həyata keçirilən mübarizə tədbirlərindən bəhs olunub. Erkən nikah probleminin qarşısının alınmasında təhsilin rolu xüsusi vurğulanıb.

***

"Uşaq hüquqlarının qorunması: erkən nikah problemi və ona qarşı mübarizə yolları" mövzusunda daha bir tədbir oktyabrın 26-da Ağstafa rayon Heydər Əliyev mərkəzində keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, Rayon Gənclər və İdman idarəsinin rəisi Əziz Məsmalıyev, Dövlət Təhlükəsizliyi Xidmətinin Ağstafa rayon şöbəsinin əməkdaşı Elxan Fərəcov,  müəllim və ictimaiyyət nümayəndələrinin iştirakı ilə baş tutan tədbirdə çıxışçılar gənclərin  erkən nigaha daxil olmasının onların təhsildən yayınmasına şərait yaratdığını və bununda uşaqların hüquqlarının pozulmasına gətirib çıxardığını qeyd ediblər.