“Milli-mənəvi dəyərlərimiz və İslam həmrəyliyi” mövzusunda maarifləndirici tədbir keçirilib
06 aprel 2017, 08:40
Aprelin 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsi və Zəngilan Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Pirşağı qəsəbəsində yerləşən Zəngilan rayon 32 saylı tam orta məktəbdə “Milli-mənəvi dəyərlərimiz və İslam həmrəyliyi” mövzusunda maarifləndirici tədbir keçirilib.      
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Ruslan Bəxtiyarov şagirdlərə xalqımızın tarixin süzgəcindən süzülüb gəlmiş milli-mənəvi dəyərlərindən söz açıb və gənclərimizin bu ruhda tərbiyə olunmasının önəmini vurğulayıb.
Zəngilan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Şənlik Əliyev Azərbaycanda tarixən mövcud olmuş tolerantlıq mühitindən və multikultural dəyərlərdən bəhs edib. 
DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Orxan Axundov bu cür tədbirlərin ümumtəhsil məktəblərində keçirilməsinin məqsədinin gənclərimizin zərərli dini cərəyanların təsirindən qorunması olduğunu qeyd edib.
Zərərli dini cərəyanlar və onların təbliğat üsulları barədə ətraflı məlumat verən O. Axundov Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Fitnə” sənədli filminin zərərli dini cərəyanlara qarşı maarifləndirici vasitə olduğunu diqqətə çatdırıb.
Sonda “Fitnə” sənədli filmi nümayiş etdirilib və iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.