"Milli-mənəvi dəyərlərimiz və dini icmaların rolu" mövzusu Goranboyda müzakirə edilib
27 may 2022, 09:19

Mayın 27-i Goranboy şəhər məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK)  təşkilatçılığı ilə Goranboy rayonu və Naftalan bölgəsi üzrə dini icma üzvlərinin iştirakı ilə "Milli-mənəvi dəyərlərimiz və dini icmaların rolu" mövzusunda toplantı keçirilib.

Tədbir Vətən müharibəsində həlak olmuş şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Komitənin bölgə üzrə əməkdaşı  Kamal Ələkbərov çıxışında milli-mənəvi dəyərlərimizin təbliğində dini icmaların fəaliyyətindən danışıb. Bildirib ki, Azərbaycan dünyəvi dövlət olmasına baxmayaraq ölkə rəhbərliyi tərəfindən dini sahəyə daim diqqət və qayğı göstərilir. Xalqımız hər zaman milli dəyərlərinə sadiq qalıb, bu dəyərləri əsrlərlə yaşadıb və inkişaf etdirib. Milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün də öz aktuallığını qoruyub saxlayır.

Sonda tədbir iştirakçılarının təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.