“Milli-mənəvi dəyərlər və İslam həmrəyliyi” mövzusunda tədbir keçirilib
27 mart 2017, 07:49
Martın 27-də Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması barədə Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə imzalanmış “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq, Nəsimi rayonunda yerləşən 19 saylı tam orta məktəbdə maarifləndirici tədbir keçirilib.
“Milli-mənəvi dəyərlər və İslam həmrəyliyi” mövzusunda keçirilən tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Aslan Sultanov və Vasif Musayev, məktəbin direktoru Akif Əliyev, eləcə də müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Akif Əliyev orta məktəblərdə təşkil olunan bu cür maarifləndirici tədbirlərin gənclər üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin böyük məsləhətçisi Aslan Sultanov ölkəmizdə milli-mənəvi dəyərlərin böyük əhəmiyyət kəsb etdiyini və həmrəyliyimizdə xüsusi yer tutduğunu bildirib. O,öz çıxışında gənclərin milli ruhda tərbiyə almasının zəruri olduğunu diqqətə çatdırıb.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin məsləhətçisi Vasif Musayev həqiqi İslamdan uzaq, radikal fikirli insanların cəmiyyətdə mövcud olan həmrəyliyə, sabitliyə və birgəyaşayış ənənəsinə vurduğu zərbədən danışıb.
Daha sonra Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Fitnə” sənədli filmi nümayiş edilib.
Tədbirin sonunda mövzu ilə bağlı suallar cavablandırılıb.