Milli Məclisdə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib
05 fevral 2026, 14:07

Azərbaycan Respublikasının Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsində fevralın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib.

Qonaqları salamlayan Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa görüşün məqsədi barədə məlumat verib. O bildirib ki, dövlət-din münasibətləri sahəsində ictimai dialoqun gücləndirilməsi, ictimai iştirakçılığın dərinləşdirilməsi və ictimai nəzarət mexanizmlərinin inkişafı müasir çağırışlar fonunda xüsusi aktuallıq daşıyır.

Komitə sədri vurğulayıb ki, Azərbaycanın dünyəvilik modelinə əsaslanan dövlət-din münasibətləri sistemi tolerantlıq, qarşılıqlı hörmət və hüquqi tənzimləmə prinsipləri üzərində qurulub. Bu model həm ölkə içində sabitliyin və dini harmoniyanın təmin olunmasına xidmət edir, həm də beynəlxalq miqyasda maraq doğuran örnək kimi dəyərləndirilir.

Görüş zamanı dövlət-din münasibətlərinin mövcud durumu, dini maarifləndirmə siyasətinin gücləndirilməsi, radikal və təhrif olunmuş dini təsirlərin qarşısının alınmasında maarifçilik amilinin rolu, ictimai şuraların fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsi, eləcə də bu sahədə qanunvericilik təşəbbüsləri və tətbiq təcrübəsi ətrafında geniş fikir mübadiləsi aparılıb.

İctimai Şuranın sədri Elnur Mustafayev, Şura üzvləri Fuad Məmmədov, Cəbi Bəhramov, İlham Məmmədzadə, Könül Bünyadzadə, Rizvan Hüseynov, ilahiyyatçı Tural İrfan (Əhmədov), Ayaz Mirzəyev öz çıxışlarında dini məsələlərin mədəniyyət, mənəviyyat və ictimai şüur kontekstində dəyərləndirilməsinin vacibliyini vurğulayıblar.

İctimai Şura üzvləri əməkdaşlığın genişləndirilməsi, dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasında əlaqələrin daha sistemli qurulması, ictimai etimadın möhkəmləndirilməsi və ictimai iştirakçılığın institusional əsasda təşkili ilə bağlı fikirlərini bölüşüblər. Qanunvericilik təşəbbüslərinin hazırlanması prosesində ictimai rəyin və ekspert baxışlarının nəzərə alınmasının vacibliyi vurğulanıb.

Millət vəkilləri – İctimai birliklər və dini qurumlar komitəsin sədr müavini Sahib Alıyev, komitə üzvləri – Elşad Musayev, Cavanşir Paşazadə, Tənzilə Rüstəmxanlı, Günay Ağamalı qaldırılan məsələlərlə bağlı fikirlərini bölüşüblər.

Görüş açıq və konstruktiv müzakirə şəraitində keçib.

Sonda komitə sədri Fazil Mustafa görüşün dövlət-cəmiyyət münasibətlərinin inkişafı, ictimai dialoqun dərinləşdirilməsi, eləcə də dövlət-din münasibətləri sahəsində qarşılıqlı anlaşma və əməkdaşlığın möhkəmlənməsi baxımından faydalı olacağını bildirib.