Qozlu kəndi ərazisində yerləşən XIII əsrə aid alban abidələrindən biri də Meyrəkavak monastırının qalıqlarıdır. Qozlu kəndinin keçmiş adı Vaquas olmuşdur. Orta əsr ticarət yollarının üstündə yerləşən, çoxəsrlik tarixə malik qədim kəndin xarabalıqları müasir Qozlu kəndinin iki-üç kilometrliyində yerləşir. Vaquas kəndindəki monastırın Tərtər çayının sağ sahilindəki yüksəklikdə yerləşdiyi yazılır. O yerli əhalinin monastırı Meyrəqala (Meyrəkavak) adlandırdığını bildirir.
Vaquas kəndinin xarabalıqları arasında yerləşən monastırın əsas kilsə binası üzərindəki kitabədə onun inşa tarixinin 1215-ci il olması haqqqında məlumat verilmişdir. Kitabədən məlum olur ki, kilsəni Həsənin qız nəvəsi, knyaz Tarxanın xanımı inşa etdirmişdir. Kitabədə yazılır: “1215-ci ilin yayında, mən, Hasan, Böyük Qriqorinin qızı, knyaz Tarxanın həyat yoldaşı bu kilsəni inşa etdirdim”. Qeyd etmək lazımdır ki, Böyük Qriqori X əsrdə hakimiyyətdə olmuş Xaçın knyazıdır. Kompleks XIII əsrdə inşa edilmiş əsas kilsə binası, daha qədim dövrə aid olduğu ehtimal edilən kiçik sovmə, narteks və məişət xarakterli tikililərdən ibarətdir. XIX əsr müəllifi yazır ki, kəndin mərkəzində vaxtilə 3 metr hündürlüyə malik, incə naxışlarla bəzədilmiş 1218-ci ilə aid xaçdaş ucalırdı. Meyrəkavak monastırında da IX əsrdən etibarən Ərəb xilafətinin zəifləməsilə bərpa və genişləndirilmə işləri aparılmışdı. Monastır alban memarlığına xas kompozisiyaya uyğun yan otaqların əlavə edilməsilə genişlənmişdi. Alban memarlığı üçün xarakterik olan kiçik zal kilsələrinin həcminin böyüdülməsi üçün onlara qərb tərəfdən və tikilinin eni boyunca düzbucaqlı formalı yan otaqlar əlavə edilmişdi. Vaquas/Meyrəkavak monastırı bu kompozisiyanın ən yaxşı saxlanmış nümunələrindən hesab edilir. Lakin kompleksə daxil olan binalar hamısı ciddi dağıntılara məruz qalmış və ya qəzalı vəziyyətdədir. Planda düzbucaqlı formaya malik olan əsas kilsə binası, Gədəbəy rayonunun Əyrivəng kəndində yerləşən IX-X əsrlərə aid edilən alban məbədində olduğu kimi nalvari apsidaya və apsidanın hər iki tərəfində kiçik otaqlara malikdir (Мамедова, s.84). Kilsə və yan otaqlar arasındakı çatlar onların müxtəlif vaxtlarda inşa edildiyini göstərir. Kilsə binasının qərb tərəfində onun davamı olaraq yarımdairəvi altar mövcuddur. Şərq divarının vaxtilə bir neçə divar tağı üzərində dayanması ehtimal edilir. Apsidanın yanlarında yerləşən kiçik otaqlar silindrik tağvari örtüyə malik olmuş və əsas ibadət zalı ilə kiçik qapı yeri vasitəsiylə əlaqələndirilmişdir. Kilsənin qərb divarına birləşən narteks əhəmiyyətli dərəcədə dağıntılara məruz qalmışdır. Divardakı tağ yerlərinə əsasən müəyyən edilmişdir ki, narteksin tağvari dam örtüyü də divar tağlarına söykənmişdir. Sovmə binası kompleksin şimal tərəfində yerləşir. Düzbucaqlı plana malik sövmənin cənub divarında niş, şərq divarında isə pəncərə yeri vardır. Tikili silindrik tağvari örtüyə və ikitərəfli dama malikdir. Kompleksə daxil olan tikililərin inşasında əksər alban kilsələrinin inşaat texnikasına uyğun olaraq kobud çay daşları ilə yanaşı, yaxşı işlənmiş daşlardan da istifadə edilmişdir. Pəncərə və qapı yerlərinin yanları, həmçinin tikililərin künc hissələrinin inşasında yalnız yaxşı yonulmuş daşlardan istifadə olunmuşdur.