Mərkəzi Aran və Mil-Muğan bölgələrində maarifləndirmə tədbirləri keçirilib
17 mart 2026, 18:00

Martın 13-də Ağdaş şəhəri S.Vurğun adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində “Aprel döyüşləri və gənclərin vətənpərvərlik tərbiyəsi” mövzusunda tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mərkəzi Aran regional bölməsinin əməkdaşı Asif Ədilov, Ağdaş Rayon İcra Hakimiyyəti başçısı Aparatının sektor müdiri Mahir Musayev, din xadimləri, müəllimlər, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Martın 13-də Kürdəmir şəhəri “Cümə” məscidində “Ramazan ayı: yardımlaşma, mərhəmət və birgə fəaliyyət” mövzusunda tədbir təşkil edilib. Tədbirdə DQİDK-nın regional bölməsinin əməkdaşı Məhəmməd Rəşidov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə üzrə qazısı, Kürdəmir şəhəri “İmam Rza” məscidinin imamı Fizuli Cəfərov, eləcə də din xadimləri və dindarlar iştirak ediblər.
Martın 16-da Yevlax şəhəri İ.Nəsimi adına 3 nömrəli tam orta məktəbdə “Gələcək üçün seçim: təhsil yoxsa erkən nikah?” mövzusu müzakirə olunub. Tədbirdə DQİDK-nın Mərkəzi Aran regional bölməsinin əməkdaşı Valeh Rəşidov, Yevlax şəhər
İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun aparıcı məsləhətçisi Asəf Almədətov, müəllimlər və şagirdlər iştirak ediblər.

Martın 17-də Saatlı rayonu Orta Muğan kənd tam orta ümumtəhsil məktəbində “Dini dəyərlər kontekstində ailə və cəmiyyət” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Mil-Muğan regional bölməsinin əməkdaşı Elvin İbrahimov, Saatlı Rayon Gənclər və İdman sektorunun baş məsləhətçisi Sahil Həsənli, Orta Muğan kənd məscidi dini icmasının sədri və imamı İsmayıl Calalov, müəllimlər və şagirdlər iştirak ediblər.


Çıxışlarda bu cür maarifləndirmə tədbirlərinin gənclərin və məktəblilərin dünyagörüşünün formalaşmasında, onların milli-mənəvi dəyərlərə bağlı ruhda yetişməsində mühüm rol oynadığı vurğulanıb. Qeyd edilib ki, belə tədbirlər vasitəsilə cəmiyyət üçün aktual mövzular barədə məlumatlılıq artır, xüsusilə gənclər zərərli vərdişlərdən və erkən nikah kimi hallardan uzaq durmağa təşviq olunur. Eyni zamanda vətənpərvərlik, humanizm və qarşılıqlı hörmət kimi dəyərlər təbliğ edilir.