Oktyabrın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQIDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri” mövzusunda tədbir keçirilib.
Lənkəran şəhəri Həzi Aslanov adına 3 saylı tam orta məktəbində keçirilən tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşı Cəmil Axundzadə, məktəbin direktor müavini Səadət Hüseynova, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Çıxışlar zamanı dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti barədə məlumat verilib. Yeniyetmə və gənclərin zərərli vərdişlərdən və radikal dini təsirlərdən qorunması istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərdən bəhs edilib. Natiqlər, xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin gənclər arasında fəal təbliğ edilməsinin vacibliyini diqqətə çatdırıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.