Məhərrəm ayında dini mərasimlərin idarə edilməsi mövzusu müzakirə edilib
10 sentyabr 2021, 04:28

Sentyabrın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsinin təşkilatçılığı, Biləsuvar rayonunda fəaliyyət göstərən dini icma sədrləri və din xadimlərinin iştirakı ilə Məhərrəm ayında dini mərasimlərin idarə edilməsi mövzusunda videokonfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Taleh Nuruyev qeyd edib ki, dünyanı cənginə alan pandemiyadan xilas yolunun bütün bəşəriyyətin birgə mübarizəsindən keçdiyini nəzərə alaraq, Azərbaycanda, eyni zamanda başqa ölkələrdə dini mərasimlər müvəqqəti olaraq  fərqli qaydada keçirilir. Mərasimlər zamanı kütləviliyə yol verilməməsinə xüsusi diqqət yetirilir. Ölkəmizdə bu il Məhərrəm ayında məscid və ziyarətgahlarda ibadətlərin  karantin qaydalarına uyğun olaraq, Operativ Qərargahın tövsiyələri əsasında yerinə yetirilməsi təmin edilib, virusun yayılma təhlükəsinin çoxalmaması üçün insanlar sıx toplaşmayıblar.

Mövzu ilə bağlı çıxış edən Biləsuvar rayon Bəydili kənd Cümə məscidinin dini icma sədri, imam Abuzər Kərimov bildirib ki, imanlı insan təkcə öz canının deyil, başqalarının da canının qorunmasında Allahın qarşısında məsul və mükəlləfdir. Dinimiz müxtəlif xəstəliklərə qarşı önləyici tədbirlərin alınmasına, xüsusilə yoluxucu xəstəliklərə qarşı son dərəcə diqqətli olmağa çağırır. 

Tədbirin gedişində din xadimləri mövzu ilə bağlı fikirlərini bölüşüblər.