Martın 15-də Masallı rayon Gənclər evində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi, Masallı Rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə pandemiya qaydalarını gözləməklə gənclər arasında zərərli vərdişlərə qarşı mübarizə işinin gücləndirilməsi məqsədilə “Zərərli vərdişlərə yox deyək” mövzusunda seminar-treninq keçirilib.
Maarifləndirmə məqsədi daşıyan tədbirdə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov, Masallı Rayon Gənclər və İdman idarəsinin rəisi Sabiq Cahangirov, "Tərəqqi" Gəncliyin İnkişafı İctimai Birliyinin sədri Racı Səfərov, Masallı Dövlət Regional Kollecin nümayəndələri və digərləri iştirak ediblər.
Tədbirdə narkomanlıqla mübarizə sahəsində görülən tədbirlər, narkomaniya və zərərli vərdişlərlə mübarizə, görülən işlərdə milli-mənəvi və dini dəyərlərimizin rolu və qarşıya qoyulan məqsədlərdən danışılıb.
Eyni zamanda, zərərli vərdişlərlə mübarizə tədbirlərinə müəllimlərin, din xadimlərinin, bölgənin nüfuzlu şəxslərinin və valideynlərin cəlb edilməsi vurğulanıb.
Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.