Masallıda “Xocalı soyqırımı: Faciədən doğan intiqam” mövzusunda tədbir keçirilib
25 fevral 2025, 01:29

Fevralın 24-də  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı regional bölməsi, Masallı Rayon İcra Hakimiyyəti, Rəhim Tağıyev adına Masallı rayon Tarix-Diyarşünaslıq muzeyi, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı sektorunun birgə təşkilatçılığı ilə Rəhim Tağıyev adına Masallı rayon Tarix-Diyarşünaslıq muzeyində “Xocalı soyqırımı: Faciədən doğan intiqam” mövzusunda tədbir keçirilib.

Tədbirdə  DQİDK-nın Masallı regional bölməsinin müdiri Elvin Hüseynli, Masallı RİH-in Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Zamin Məmmədov, Rəhim Tağıyev adına Masallı rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru Əntiqə Tağıyeva, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı sektorunun müdiri Sabiq Cahangirov, Masallı Dövlət Regional Kollecinin tələbələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

İlk öncə Vətənin azadlığı, bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbirdə çıxış edənlər Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğunu bildiriblər. Qeyd olunub ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb. Azərbaycanlılar tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən törədilmiş kütləvi qırğınlarla müşayiət olunub.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərini zəbt edərək, Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirib.

Tədbirin sonunda iştirakçılar Rəhim Tağıyev adına Masallı rayon Tarix-Diyarşünaslıq muzeyində Xocalı faciəsinə həsr edilmiş foto sərgi ilə tanış olublar.