Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) bölgələrdə təhsil işçilərinin iştirakı ilə keçirdiyi maarifləndirmə tədbirlərinin davamı olaraq, 14-15 dekabr tarixlərində Masallıda ikigünlük regional seminar-treninq baş tutub.
2023-cü ilin sözügedən mövzudakı sonuncu tədbirinə Masallı, Cəlilabad və Yardımlı rayon məktəblərinin direktorları, direktor müavinləri, uşaq birlikləri rəhbərləri, psixoloqları, tarix, ədəbiyyat və həyat bilgisi fənlərini tədris edən müəllimləri qatılıblar. Seminar-treninqdə DQİDK-nın Dini təhsil şöbəsinin müdiri Elnarə Kərimova, Azərbaycan İlahiyyat İnstitutunun İlahiyyat fakültəsinin dekanı Elnurə Əzizova, Masallı rayonu Təhsil sektorunun əməkdaşı Hörmət Balakişiyev mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Çıxışlar zamanı gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi, onlarda vətənpərvərliyin inkişaf etdirilməsi, milli kimliyin aşılanması kimi məsələlərə toxunulub. Bildirilib ki, təhsil sistemimiz vasitəsilə vətəndaşlara hələ yeniyetməlik dövründə vahid bir proqrama əsasında dinlər haqqında ilkin biliklər verilməsi olduqca zəruridir. Yalnız bu halda yeniyetmələrin sonradan yad təsirlərə məruz qalması ehtimalı məhdudlaşacaq, bütün dinləri əxlaq və mənəviyyat nöqteyi-nəzərindən əxz etmiş gənclərimiz radikal, ekstremist qrupların təsiri altına düşməyəcəklər. Şagirdlərə dünya dinləri, tolerant və multikultural ənənələr, milli-mənəvi dəyərlər, radikalizm və xurafat haqqında məlumatların verilməsinin vacibliyindən də bəhs edən çıxışçılar əlavə ediblər ki, gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri əsasında, xalqımızın tarixinə, mədəni irsinə, adət-ənənələrinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyəsinə öz töhfəsini vermək təhsil sahəsində çalışan hər kəsin başlıca amalı olmalıdır.
DQİDK-nın sifarişi ilə “Azərbaycan gəncliyi və mənəvi dəyərlər” mövzusunda sənədli filmin nümayiş olunduğu tədbirin sonunda müəllimlərlə milli-mənəvi dəyərlərin öyrədilməsi metodları müzakirə edilib, praktiki məşğələlər və qrup işləri aparılıb.
Qeyd edək ki, cari il ərzində DQİDK-nın təşkilatçılığı ilə Gəncə, Lənkəran şəhərlərində, Quba, Göyçay, Balakən, Masallı rayonlarında keçirilən regional seminar-treninqlər respublikamızın onlarla bölgəsindən 1000-ə yaxın təhsil işçisini əhatə edib. Keçirilən tədbirlərin səmərəliliyini və effektiv nəticələrini nəzərə alaraq, seminar-treninqlərin gələn il digər bölgələrdə də davam etdirilməsi nəzərdə tutulur.