Masallıda “Mətbuatımız və milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib
20 iyul 2026, 18:04

İyulun 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran-Astara regional bölməsi, Masallı rayonu Rəhim Tağıyev adına Tarix-Diyarşünaslıq Muzeyi və Masallı Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) birgə təşkilatçılığı ilə “Mətbuatımız və milli-mənəvi dəyərlərimiz” mövzusunda maarifləndirici tədbir keçirilib.

Masallı rayonu Rəhim Tağıyev adına Tarix-Diyarşünaslıq Muzeyində təşkil olunan tədbirdə DQİDK-nın Lənkəran-Astara regional bölməsinin müdir müavini Pərvin İmanov, Muzeyin direktoru Əntiqə Tağıyeva, Masallı MKS-in direktoru Zamin Məmmədov, mətbuat nümayəndələri və ictimaiyyət üzvləri iştirak ediblər.

Çıxışlarda milli-mənəvi dəyərlərin qorunması və təbliğində kütləvi informasiya vasitələrinin mühüm rolundan bəhs olunub. Bildirilib ki, müasir informasiya mühitində etibarlı informasiya mənbələrinin seçilməsi, cəmiyyətin düzgün məlumatlandırılması və milli dəyərlərin təşviqi media nümayəndələrinin üzərinə mühüm məsuliyyət qoyur.

Qeyd olunub ki, hər bir vətəndaş etibarlı informasiya mənbələrinə üstünlük verməli, milli-mənəvi dəyərlərimizin qorunmasına xidmət edən media fəaliyyətini dəstəkləməlidir. Vurğulanıb ki, peşəkar, obyektiv və məsuliyyətli mətbuat cəmiyyətin sağlam informasiya mühitinin formalaşmasına, milli həmrəyliyin möhkəmlənməsinə və dövlətçiliyimizin inkişafına mühüm töhfə verir.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.