Oktyabrın 18-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı regional bölməsi, Rayon Polis Şöbəsi və Masallı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə rayon “Gənclər Evi”də “Yeniyetmə və gənclərin zərərli vərdişlərdən qorunmasında təhsilin rolu” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Masallı regional bölməsinin müdiri vəzifəsini icra edən Elvin Hüseynli, təşkilatçı qurumların əməkdaşları, müəllim və tələbələr iştirak ediblər.
Çıxışlar zamanı mövzunun aktuallığından bəhs olunub. Qeyd edilib ki, cəmiyyətimizin aparıcı hissəsi olan gənclərimizin milli-mənəvi dəyərlərə hörmət və vətənpərvərlik ruhunda tərbiyəsində təhsilin böyük rolu vardır. O da vurğulanıb ki, yeniyetmələrin radikal yönümlü dini təriqətlərin, zərərli vərdişlərin təsirindən qorunması, mənəviyyatımıza zidd dini cərəyanlara qarşı mübarizədə maarifləndirilmə xüsusi əhəmiyyətə malikdir.