Masallıda “İslam həmrəyliyi Azərbaycan kontekstində” layihəsi uğurla icra olunur
15 avqust 2017, 08:08
Avqustun 15-də Prezident İlham Əliyevin 27 noyabr 2014-cü il tarixdə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndərmək məqsədi ilə layihəsi maliyyələşdirilmiş Masallı rayonu Eminli kənd məscidi dini icmasında “İslam həmrəyliyi Azərbaycan kontekstində” adlı layihə çərçivəsində növbəti maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşları Kamil Bağırov, Ayıq Səmədov, Eminli kənd məscidi dini icmasının sədri Rəbbi Kərimov, dindarlar, gənclər, ziyalılar və ağsaqqallar iştirak ediblər.
Tədbiri giriş sözü ilə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Ayıq Səmədov açaraq qeyd edib ki, Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olub. O, İslam dininin yayılmasında və müsəlman intibahının bərqərar olunmasında mühüm rol oynayıb. A.Səmədov vurğulayıb ki, müasir dünyamızda İslam həmrəyliyinin vacibliyi ilk öncə İslam daxilindəki həmahəngliyin bərqərar edilməsində özünü göstərir. Bu müxtəlif məzhəblər arasında dini anlaşılmazlıqların aradan qaldırılması, bütün İslam ölkələri arasında qarşılıqlı hörmət və etibara əsaslanan münasibətlərin qorunmasıdır.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Kamil Bağırov bildirib ki, dünyada multikulturalizmin Azərbaycan modelinə xüsusi maraq və diqqət yaranıb. Ötən ilin məntiqi davamı olaraq Azərbaycanda 2017-ci il “İslam Həmrəyliyi İli” elan edilib.
Digər natiqlər çıxışlarında qeyd ediblər ki, Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, islami dəyərlərin dünyada təbliğinə böyük töhfələr verib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.