Masallıda “Heydər Əliyev və Azərbaycanda insan hüquqlarının inkişafı” mövzusunda tədbir keçirilib
14 iyun 2022, 08:42

İyunun 14-də  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi, Ombudsmanın Cəlilabad Regional Mərkəzi və Rəhim Tağıyev adına Masallı rayon Tarix-diyarşünaslıq muzeyinin birgə təşkilatçılığı ilə Masallı rayon Tarix-diyarşünaslıq muzeyində “İnsan Hüquqları Aylığı” çərçivəsində “Heydər Əliyev və Azərbaycanda insan hüquqlarının inkişafı” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli, Ombudsmanın Cəlilabad rayonu üzrə nümayəndəsi Ziya İsmayılov, rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru Əntiqə Tağıyeva, Masallı şəhər 1 və 2 saylı tam orta məktəblərin müəllim və şagirdləri iştirak edib.

Tədbirdə dövlətin şəxsiyyət azadlığının və insan hüquqlarının qorunmasına, eləcə də cəmiyyətin gələcək inkişafına kömək edəcək istənilən əməkdaşlıq formasını qəbul etməyə hazır olduğu və insan hüquqlarının qorunmasına xüsusi əhəmiyyət verdiyi vurğulanıb. Çıxış edənlər Azərbaycan Respublikası Prezidentinin 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-nin ölkədə “İnsan Hüquqları Günü” kimi qeyd olunduğunu və bu il həmin Sərəncamın imzalanmasından 15 il ötdüyünü qeyd ediblər.

Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması sahəsində Milli Fəaliyyət Proqramı”nda əhalinin müxtəlif qruplarının, o cümlədən insan hüquqlarının müdafiəsi ilə bağlı müddəaların təsbit olunduğu və bu müddəaların uğurla həyata keçirildiyi iştirakçıların nəzərinə çatdırılıb.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.