Avqustun 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı regional bölməsinin və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Masallı rayonu Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə Masallı rayonu “Gənclər Evi”ndə “Dinimiz və ətraf mühit” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Masallı regional bölməsinin əməkdaşları Elvin Hüseynli, Pərvin İmanov, Masallı rayonu Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Direktor vəzifəsini müvəqqəti əvəz edən Günay Xəlilova, Mərkəzi kitabxananın xidmət şöbəsinin müdiri Gülər Piriyeva, QMİ-nin Masallı rayonu üzrə səlahiyyətli nümayəndəsi, Masallı şəhər “Cümə” məscidinin imamı Məftun Hüseynov, din xadimləri, dini icma sədrləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda ətraf mühiti qorumağın dinindən, dilindən və mənsubiyyətindən asılı olmayaraq hər bir kəsin borcu olduğu vurğulanıb. Həmçinin bildirilib ki, insanların təbiəti qorumaq və düzgün şəkildə istifadə etmək vərdişlərinin inkişafında maarifləndirmənin əhəmiyyəti böyükdür.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.