Noyabrın 18-də Masallı rayonu Nicat Həsənov adına Gəyəçöl kənd tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi, Masallı Rayon Polis Şöbəsi və Masallı Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə pandemiya qaydalarını gözləməklə “Dini radikalizm, narkomaniya və erkən nikah dövrümüzün bəlasıdır” mövzusunda seminar-treninq keçirilib.
Maarifləndirmə məqsədi daşıyan tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, Masallı Rayon Polis Şöbəsinin rəisi Azay Ağayev, Masallı Rayon Polis Şöbəsinin rəis müavini Elşən Talıbov, Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov, məktəbin direktoru Əsmər Əzimzadə, valideyn, müəllim və şagirdlər iştirak ediblər.
Çıxışlarda bildirilib ki, dini radikalizm və ekstremizm bu gün də vətəndaş cəmiyyəti, hüquqi, demokratik dövlət üçün təhlükə mənbəyi hesab edilir. Qeyd edilib ki, bununla bağlı gənclər arasında maarifləndirmə işlərinin gücləndirilməsi vacib məsələdir. Tədbirdə eyni zamanda, radikalizmin törətdiyi fəsadların qarşısının alınması və bu sahədə ictimaiyyətin rolunun əhəmiyyətindən, dini radikalizm, narkomaniya və erkən nikahın fəsadlarından söhbət açılıb, gənclərimizin həm milli-mənəvi, həm də dini dəyərləri əldə rəhbər tutaraq tərbiyə olunmasının vacibliyi vurğulanıb.
Tədbirin sonunda mövzu ilə bağlı video-çarx nümayiş etdirilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.