Oktyabrın 9-da Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran regional bölməsi, Lerik Rayon İcra Hakimiyyəti (RİH) və Lənkəran-Astara Regional Təhsil İdarəsinin Lerik rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə “Sülh və təhsil: cəmiyyəti birləşdirən dəyərlər” mövzusunda tədbir keçirilib.
Lerik şəhəri 1 saylı texniki fənlər təmayüllü liseyində baş tutan tədbirdə DQİDK-nın Lənkəran regional bölməsinin əməkdaşı Səyyad Babakişiyev, Lerik RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Ramin Ağayev, Lerik şəhəri “Cümə” məscidinin imamı Rahim Əliyev, liseyin direktoru Gültəkin Şıxəliyeva, müəllimlər və yuxarı sinif şagirdləri iştirak edib.
Çıxışlar zamanı ölkəmizdə mövcud olan sülh mədəniyyəti və nümunəvi birgəyaşayış mühiti barədə məlumat verilib. Natiqlər, sülh və təhsilin cəmiyyəti birləşdirən dəyərlər olduğuna diqqət çəkərək yeniyetmə və gənclərin Azərbaycançılıq və zəngin milli-mənəvi dəyərlərimiz əsasında tərbiyə olunmasının əhəmiyyətini vurğulayıblar.