Aprelin 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran regional bölməsi, Lerik Rayon İcra Hakimiyyəti (RİH) və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “Radikal dini cərəyanların gənclərə təsiri: Necə qorunmalı?” mövzusunda tədbir keçirilib.
Lerik şəhəri 3 saylı tam orta məktəbdə baş tutan tədbirdə DQİDK-nın Lənkəran regional bölməsinin əməkdaşı Vüqar Şahbazov, Lerik RİH başçısı Aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Anar Rəhimov, Regional Təhsil İdarəsinin sektor müdiri Zöhrab Salayev, din xadimləri, dini icma sədrləri, müəllimlər və məktəblilər iştirak ediblər.
Çıxışlarda radikal dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları barədə məlumat verilib. Onların yad dini ideologiyalardan qorunmasının vacibliyi qeyd edilərək xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin əhəmiyyəti diqqətə çatdırılıb.