Yanvarın 18-də Lənkəran Şəhər Gənclər və İdman İdarəsi, şəhər Təhsil Şöbəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Rasim Məmmədov adına 5 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı “Zəfər zirvəsindən tariximizə baxış” mövzusunda tədbir keçirilib.
Tədbirdə təşkilatçı qurumların nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, ziyalılar və gənclər iştirak ediblər.
Tədbir şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başlanıb.
Çıxışlar zamanı 2020-ci ilin sentyabrın 27-dən başlayan və 44 gün ərzində davam edən Vətən müharibəsində xalqımızın Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək tarixi torpaqlarımızın erməni işğalından azad edildiyi qeyd edilib. Qazanılan möhtəşəm qələbə ilə vaxtilə mənfur ermənilər tərəfindən xalqımızın başına gətirilən soyqırımların, 20 Yanvar, Xocalı soyqırımı qurbanlarının, Vətən uğrunda canından keçən şəhidlərimizin qisasının alındığı diqqətə çatdırılıb.
Yeniyetmə və gənclərin tariximizi dərindən bilmələrinin vacibliyi qeyd edilərək onların milli-mənəvi dəyərlərimiz, vətənpərvərlik və azərbaycançılıq ruhunda formalaşmalarının zəruriliyi vurğulanıb.