Lənkəranda "Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərimizin rolu" mövzusunda tədbir keçirilib
24 sentyabr 2021, 08:33

Sentyabrın 24-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, şəhər Təhsil Şöbəsi və şəhər Rasim Məmmədov adına 5 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə pandemiya qaydalarını gözləməklə “Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşı Cəmil Axundzadə, məktəbin direktoru Bəsirə Əzimova, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbir şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başlanıb. Daha sonra 44 günlük Vətən müharibəsindən bəhs edən videoçarx nümayiş etdirilib.

Çıxışlar zamanı qeyd edilib ki, Vətən müharibəsinin nəticəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz düşmən üzərində parlaq qələbə qazandı və torpaqlarımız işğaldan azad olundu. Bu qələbənin şəhidlərimizin qanı və qazilərimizin igidliyi hesabına əldə edildiyi vurğulanıb. Natiqlər Azərbaycan gənclərinin milli-mənəvi dəyərlərə, mənəvi-əxlaqi və yüksək vətənpərvərlik keyfiyyətlərinə malik olduğunu və bu keyfiyyətlərin Vətən müharibəsindəki qələbəmizdə mühüm rol oynadığını diqqətə çatdırıblar.