Avqustun 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran regional bölməsi, Lənkəran-Astara regional Mədəniyyət İdarəsi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cənub Regional Mərkəzi və Lənkəran Şəhər Mərkəzi Kitabxanasının birgə təşkilatçılığı ilə “Tolerantlıq ənənələrinin və multikulturalizm siyasətinin milli həmrəyliyimizin möhkəmləndirilməsindəki rolu” mövzusunda tədbir keçirilib.
Lənkəran Şəhər Mərkəzi Kitabxanasında baş tutan tədbirdə DQİDK-nın Lənkəran regional bölməsinin müdiri vəzifəsini icra edən Qağayı Məmmədov, Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Lənkəran Şəhər Mərkəzi Kitabxanasının direktoru Arzu Rufullayeva, kitabxananın əməkdaşları, kitabxana filiallarının müdirləri və din xadimləri iştirak edib.
Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Daha sonra DQİDK tərəfindən çəkilmiş "Bəşəri dəyərlərə sadiqlik” videoçarxı nümayiş etdirilib.
Çıxışlar zamanı Azərbaycanın tarixən müxtəlif dinlərin və xalqların nümayəndələrinin qarşılıqlı hörmət, həmrəylik və dözümlülük şəraitində yaşadığı, müxtəlif mədəniyyətlərin həm coğrafi, həm də mədəni baxımdan qovuşduğu unikal bir məkan olduğu qeyd edilib. Vətən Müharibəsindəki qələbəmizdə və milli həmrəyliyimizin möhkəmlənməsində xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin mühüm rolu diqqətə çatdırılıb.
Tədbir müzakirələrlə davam etdirilib.