Mayın 16-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Lənkəran Regional Elmi Mərkəzi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran regional bölməsinin birgə təşkilatçılığı ilə Seyid Əzim Şirvaninin 190 illiyinə həsr olunmuş elmi seminar keçirilib.
AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində baş tutan elmi seminarda Mərkəzin direktoru Mehman Əliyev, DQİDK-nın Lənkəran regional bölməsinin əməkdaşları Emin Həmidli, Səyyad Babakişiyev, Sosial Xidmətlər Agentliyinin Lənkəran-Astara regional filialının müdiri Ramin Hüccətov, Mərkəzin əməkdaşları və din xadimləri iştirak ediblər.
Çıxışlarda Seyid Əzim Şirvaninin 190 illik yubileyinin qeyd olunması ilə bağlı Prezident İlham Əliyevin imzaladığı Sərəncamın əhəmiyyətindən bəhs olunub. Bildirilib ki, bu Sərəncam böyük şairin maarifçilik irsinin, mütərəqqi ideyalarının cəmiyyətə yenidən tanıdılması baxımından böyük əhəmiyyət daşıyır. Qeyd olunub ki, Seyid Əzim Şirvani yaradıcılığı ilə xalqın savadlanması, maariflənməsi, gerilikdən, cəhalətdən xilas olması ideyalarına xidmət edib. O, həmçinin dövrünün mənfi ictimai meyillərini - xurafatı, fanatizmi, riyakarlığı kəskin şəkildə tənqid edib və bu baxımdan onun irsi bu gün də aktuallığını qoruyur. Natiqlər vurğulayıblar ki, belə ziyalıların fəaliyyətini təbliğ etmək gənc nəslin mənəvi inkişafı və sağlam düşüncəli vətəndaş kimi formalaşması baxımından olduqca vacibdir.