Lənkəranda “Radikal dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları” mövzusunda tədbir keçirilib
30 aprel 2024, 10:00

Aprelin 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Lənkəran rayonu üzrə Təhsil sektorunun dəstəyi ilə “Radikal dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları” mövzusunda seminar keçirilib.

Lənkəran şəhəri Heydər Əliyev Mərkəzində yeniyetmə və gənclərin iştirakı ilə baş tutan tədbirdə DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdiri Sadiq Mirzəyev, Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektor köməkçisi Emin Orucov, DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, Lənkəran ŞİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Cavad Miriyev, Lənkəran rayonu üzrə təhsil sektorunun əməkdaşı Cəmil Axundzadə iştirak edib. 

Seminarı giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov yeniyetmə və gənclərin iştirakı ilə keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb, Dövlət Komitəsinin bu istiqamətdə fəaliyyəti barədə məlumat verib.

DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdiri Sadiq Mirzəyev dinin siyasiləşdirilməsinin, radikalizm və məzhəb ayrı-seçkiliyi meyillərinin milli birliyə və dini təhlükəsizliyə mənfi təsirlərindən danışaraq qeyd edib ki, radikal dini cərəyanlara qarşı mübarizədə effektiv dini maarifləndirmə işi vacibdir. Xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərindən bəhs edən natiq bu dəyərlərin qorunması və geniş təbliğ edilməsinin kənar təsirlərə qarşı mübarizədə əhəmiyyətli rol oynadığını bildirib.

Daha sonra Emin Orucov ali təhsil müəssisəsinə qəbul, mövcud ixtisaslar, tədris prosesi haqqında təqdimatla çıxış edib. İnstituta qəbul olunmuş hər bir tələbənin dövlətin qayğı və diqqəti ilə əhatə olunduğunu vurğulayıb. Bildirib ki, institutda təhsil alan tələbələr pulsuz geyim və yeməklə təmin olunur, dərslərdən əlavə, xarici dil kurslarına cəlb edilirlər.

Digər natiqlər də çıxışlarında keçirilən seminarın vacibliyini vurğulayıblar.

Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.