Aprelin 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Lənkəran bölgəsi üzrə qazılığının birgə təşkilatçılığı ilə “Xalqımızın tolerantlıq ənənələrinin və multikulturalizm siyasətinin milli həmrəyliyimizin möhkəmlənməsindəki önəmi” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, Lənkəran ŞİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Cavad Miriyev, QMİ-nin Lənkəran bölgəsi üzrə səlahiyyətli nümayəndəsi, qazı Qəni Axundzadə, dini icma sədrləri və din xadimləri iştirak edib.
Çıxışlar zamanı Azərbaycanın tarixən müxtəlif dinlərin və xalqların nümayəndələrinin qarşılıqlı hörmət, həmrəylik və dözümlülük şəraitində yaşadığı, müxtəlif mədəniyyətlərin həm coğrafi, həm də mədəni baxımdan qovuşduğu unikal bir məkan olduğu qeyd edilib. Vətən Müharibəsindəki qələbəmizdə və milli həmrəyliyimizin möhkəmlənməsində xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin mühüm rolu diqqətə çatdırılıb. Rayonda fəaliyyət göstərən dini icma sədrləri və din xadimlərinin iştirak etdiyi tədbirdə mövzu ilə yanaşı, həmçinin Ramazan ayı ilə bağlı tövsiyələr çatdırılıb.