İyunun 13-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Lənkəran Regional Elmi Mərkəzi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran regional bölməsi və Sosial Xidmətlər Agentliyinin regional filialının birgə təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr edilmiş elmi seminar keçirilib.
Seminarda AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin direktoru Mehman Əliyev, DQİDK-nın Lənkəran regional bölməsinin əməkdaşı Emin Həmidli, Sosial Xidmətlər Agentliyinin Lənkəran-Astara regional filialının müdiri Ramin Hüccətov, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin sədri Elxan Süleymanov və məhkəmənin hakimi Esmira Məmmədova iştirak ediblər.
Çıxışlarda müasir və müstəqil Azərbaycan Respublikasının qurucusu, Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətini və zəngin irsini geniş şəkildə təhlil ediblər. Xüsusilə, Ulu Öndərin ikinci dəfə siyasi hakimiyyətə qayıdışının Azərbaycan xalqı üçün nə qədər həyati əhəmiyyət daşıdığı, ölkənin dağılmaq və məhv olmaq təhlükəsindən xilas olduğu vurğulanıb.
Tədbirdə çıxış edənlər, həmçinin Milli Qurtuluş Gününün tarixi əhəmiyyətini və bu günün Azərbaycanda dövlətçilik ənənələrinin möhkəmlənməsindəki rolunu diqqətə çatdırıblar.