Aprelin 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Lənkəran şəhərində maarifləndirici seminar keçirilib.
Azər Məhərrəmov adına 7 nömrəli tam orta məktəbdə baş tutan tədbirdə DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdiri Sadiq Mirzəyev, Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektorunun köməkçisi Emin Orucov, DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, məktəbin direktoru Aynur Mirzəyeva, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Seminarı giriş sözü ilə açan Qağayı Məmmədov yeniyetmə və gənclərin iştirakı ilə keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən bəhs edib.
Milli-mənəvi dəyərlərimizin qorunmasının vacibliyindən danışan Sadiq Mirzəyev qeyd edib ki, Azərbaycan dövləti dini etiqadından asılı olmayaraq, bütün vətəndaşlara öz inanclarını yaşamaq üçün lazımi şərait yaradıb və xalqın keçmişinə, milli-mənəvi dəyərlərinə qayğı göstərir. Ölkəmizdə tarixən müxtəlif dinlərin, məzhəblərin nümayəndələri dinc, birgəyaşayış şəraitində yaşayıb. Bu ənənə günümüzdə də yüksək səviyyədə qorunub saxlanılır. Çünki xalqımız hər zaman öz yüksək tolerantlıq mədəniyyəti və multikultural dəyərləri ilə seçilib. Xalqımıza xas olan bu keyfiyyət müasir dövrdə dövlətimiz tərəfindən daha da inkişaf etdirilərək xüsusi diqqətdə saxlanılan istiqamətlərdən birinə çevrilib.
Emin Orucov isə təqdimatla çıxış edərək Aİİ-yə qəbul qaydaları, mövcud ixtisaslar, tədris prosesi haqqında məlumat verib. İnstitutda təhsil alan tələbələrə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs edib.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.