Avqustun 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran regional bölməsi, Regional Gənclər və İdman İdarəsi və Rayonlararası Narkoloji Xəstəxanasının birgə təşkilatçılığı ilə “Narkomaniyanın fiziki, mənəvi və sosial fəsadları” mövzusunda tədbir keçirilib.
Lənkəranda baş tutan tədbirdə DQİDK-nın regional bölməsinin müdiri vəzifəsini icra edən Qağayı Məmmədov, Regional Gənclər və İdman İdarəsinin sektor müdiri Mehman Zahidov, Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasının baş həkimi Vüqar Əliyev, din xadimləri və gənclər iştirak ediblər.
Çıxışlar zamanı Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019- 2024-ci illər üçün Dövlət Proqramı" haqqında məlumat verilərək, bu sahədə maarifləndirmə işlərinin əhəmiyyəti qeyd edilib. Narkomaniyanın fiziki, mənəvi və sosial fəsadları barədə danışılıb. Gənclərin narkomaniya və digər zərərli vərdişlərdən qorunmasının zəruriliyi vurğulanaraq, onların milli-mənəvi dəyərlərimiz əsasında tərbiyə edilməsinin vacibliyi diqqətə çatdırılıb.