Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi
Avqustun 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran regional bölməsi, Lənkəran-Astara regional Mədəniyyət İdarəsi və İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cənub Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “İslam mədəniyyətinin incisi-Şuşa” mövzusunda tədbir keçirilib.
DQİDK-nın Lənkəran regional bölməsinin müdiri vəzifəsini icra edən Qağayı Məmmədov, bölmənin əməkdaşları, Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Lənkəran Mədəniyyət Mərkəzinin direktoru Anar Kakayev, dini icma sədrləri, din xadimləri və rayonun mədəniyyət müəssisələrinin əməkdaşlarının iştirakı ilə keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Daha sonra DQİDK-nın tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə hazırlanan "Mənəvi dünyamız: Şuşa" sənədli filmi nümayiş etdirilib.
Çıxışlarda Şuşa şəhərinin tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olduğu qeyd edilib. Prezident İlham Əliyevin 2021-ci il 7 may tarixli sərəncamı ilə Şuşa şəhərinin ölkənin “Mədəniyyət paytaxtı” elan edildiyini, 2022-ci ilin Azərbaycanda “Şuşa İli”, 2023-cü ildə Türk dünyasının, 2024-cü ildə isə İslam dünyasının mədəniyyət paytaxtı elan olunduğunu diqqətə çatdırıblar.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən işğaldan azad olunmuş torpaqlarımızda, o cümlədən Şuşa şəhərində dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihələrin həyata keçirildiyi vurğulanıb. Şuşa şəhərində yerləşən Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa, Mamayı, Təzə məhəllə, Saatlı məscidləri yenidənqurma, təmir və bərpa işlərindən sonra istifadəyə verildiyi qeyd olunub.
Tədbir müzakirələrlə davam etdirilib.