Lənkəranda “İslam Həmrəyliyi İli” ilə bağlı tədbir keçirilib
13 fevral 2017, 04:48
Fevralın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) birgə təşkilatçılığı ilə “2016-cı ilin yekunları, 2017-ci il “İslam Həmrəyliyi İli” ndə üzərimizə düşən vəzifələr” adlı tədbir keçirilib.
Tədbirdə Lənkəran ŞİH başçısı Aparatının  İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Asif İmanlı, QMİ-nin Lənkəran  bölgəsi üzrə qazısı Qəni Axundzadə, DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Lənkəran ŞİH başçısı Aparatının  İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Asif İmanlı “Multikulturalizm ili” çərçivəsində görülən işlərin əhəmiyyətini vurğulayıb.
QMİ-nin bölgə qazısı Qəni Axundzadə çıxışında rayonda dini durumun sabitliyinin qorunması, bu sahədə daha səmərəli və ardıcıl fəaliyyət göstərməyin vacibliyinə toxunub.
Daha sonra çıxış edən DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli bildirib ki, dövlət başçımız cənab İlham Əliyev tərəfindən respublikamızda 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi Azərbaycanın dünyada təbliği baxımından daha bir uğurlu addımlardan olacaq.
 Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.