Lənkəranda “İslam Həmrəyliyi dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” mövzusunda tədbir keçirilib
25 fevral 2017, 05:36
Fevralın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Lənkəran rayonu Cil kəndi “Hüseyniyyə” məscidi dini icması tərəfindən “İslam Həmrəyliyi dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” adlı layihə çərçivəsində Lənkəran rayonu Cil kənd “Hüseyniyyə” məscidində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları, dindarlar, dini icma sədrləri, ziyalılar iştirak ediblər.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov “Multikulturalizm ili” nin məntiqi davamı olaraq “İslam Həmrəyliyi İli” nin İslam aləmində həmrəyliyə, birliyə çağırış olduğunu, ölkəmizin hər zaman İslam dünyasında barışdırıcı rol oynadığını bildirib.
Lənkəran bölgə şöbəsinin məsləhətçisi Emin Həmidli Xocalı soyqırımının XX əsrin faciəsi olduğunu, bu cinayət aktının insanlığa, bütün bəşəriyyətə qarşı törədildiyini diqqətə çatdırıb.
Lənkəran bölgə şöbəsinin məsləhətçisi Vüqar Şahbazov çıxışında Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət-din münasibətlərinin digər ölkələr üçün nümunə olduğunu, ölkəmizdə bütün dinlərin nümayəndələri üçün bərabərhüquqlu şərait yaradıldığını,  dinin hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğunu qeyd edib.
Ləj kənd məscidinin axundu Samid Quliyev ölkəmizdə müxtəlif millətlərin, xalqların, dinlərin nümayəndələrinin sülh, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşadığını bildirib.
İlahiyyatçı Mahir Şəkərov dini radikalizm və onun fəsadları, cəmiyyət və bəşəriyyət üçün mənfi nəticələri, Cil kənd “Hüseyniyyə” məscidi dini icmasının sədri Əliəşrəf Əliyev İslam dininin sülh, həmrəylik və birlik dini olduğu haqqında məlumat verib.
Tədbirin sonunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.