Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi
İyulun 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran regional bölməsi və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsinin birgə təşkilatçılığı ilə "Dini-tarixi abidələr mədəni sərvətimizdir" mövzusunda tədbir keçirilib.
DQİDK-nın Lənkəran regional bölməsinin müdiri vəzifəsini icra edən Qağayı Məmmədov, bölmənin əməkdaşları, Dövlət Xidmətinin Salyan Regional İdarəsinin baş məsləhətçisi Tural Məmmədov, Lənkəran və Astara rayonlarında fəaliyyət göstərən dini icma sədrləri və din xadimlərinin iştirakı ilə keçirilən tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra DQİDK-nın tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə hazırlanan və Zəngilan məscidindən bəhs edən "Nicat tapanlar" videoçarxı nümayiş etdirilib.
Çıxışlarda tarixi-dini abidələrin dövlət tərəfindən qorunduğu, ibadət evlərinin inşası, təmiri, bərpası və yenidən qurulması işlərinin geniş vüsət aldığı tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən işğaldan azad olunmuş torpaqlarımızda dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihələrin həyata keçirildiyi vurğulanıb. Qeyd olunub ki, indiyə qədər Ağdam Cümə məscidi, Şuşa şəhərində yerləşən Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa, Mamayı, Təzə məhəllə, Saatlı məscidləri yenidənqurma, təmir və bərpa işlərindən sonra istifadəyə verilib, Zəngilanda yeni məscid inşa olunub.
Natiqlər tarixi-dini abidələrin qorunması və gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayaraq abidələrin qorunması və bərpası ilə bağlı qanunvericiliyin tələblərini izah ediblər.
Tədbir müzakirələrlə davam etdirilib.