Lənkəranda “Dini radikalizmə qarşı mübarizədə İslam həmrəyliyinin rolu” layihəsi uğurla icra olunur
18 avqust 2017, 06:36
Avqustun 18-də cənab Prezident İlham Əliyevin dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə 27 noyabr 2014-cü il tarixli Sərəncamına əsasən layihəsi maliyyələşdirilmiş Lənkəran rayonu Qurumba kənd məscidi dini icması tərəfindən “Dini radikalizmə qarşı mübarizədə İslam həmrəyliyinin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşları, Qurumba kənd məscidi dini icmasının sədri Hacıhəsən Babayev, ziyalılar, gənclər və kənd ictimaiyyəti iştirak edib.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxışında layihə haqqında tədbir iştirakçılarına məlumat verərək, İslam həmrəyliyinin dini radikalizmə və ekstremizmə qarşı mübarizədə əhəmiyyətini vurğulayıb. Q.Məmmədov bərabərlik və həmrəylik ideyaları ilə zəngin olan İslam dininin insanları sülhə, birliyə və vəhdətə çağırdığını bildirib.
Qurumba kənd orta məktəbinin müəllimi Təbriz Babayev “Heydər Əliyev irsi və İslam həmrəyliyi” mövzusunda  çıxış edərək Ulu Öndər Heydər Əliyevin xalqımızın milli və dini dəyərlərinin qorunub-saxlanılmasında, inkişaf etdirilməsində, İslam həmrəyliyinin genişləndirilməsindəki mühüm xidmətlərini qeyd edib.
Qurumba kənd məscidi dini icmasının sədri Hacıhəsən Babayev, Qurumba kənd məscidinin axundu Elyar Babayev çıxışlarında həyata keçirilən layihənin kənd ictimaiyyətinin, xüsusən də, gənclərin maarifləndirilməsində mühüm əhəmiyyəti olduğunu bildirərək, İslam dininin mərhəmət, xeyirxahlıq və tolerantlıq dini olduğunu vurğulayıblar.