Oktyabrın 26-da Lənkəran Şəhər Gənclər və İdman İdarəsi, Lənkəran-Astara Regional Təhsil İdarəsi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) Cənub Regional Mərkəzi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Dini radikalizm və ekstremizmə qarşı mübarizədə gənclərin rolu” adlı tədbir keçirilib.
Lənkəran rayonu Ə.Xalıqov adına Rvo kənd tam orta məktəbində keçirilən tədbirdə Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin əməkdaşları Yusif Xamiyev, Elnurə Qəniyeva, Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, məktəbin direktoru Aynur Muradova, müəllimlər və yuxarı sinif şagirdləri iştirak edib.
Çıxışlar zamanı dini radikalizm, ekstremizm və onların mahiyyəti barədə məlumat verilib. Yeniyetmə və gənclərin kənar təsirlərdən, yad dini ideologiyalardan və zərərli vərdişlərdən qorunması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edilib. Natiqlər xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin gənclər arasında fəal təbliğ edilməsinin vacibliyini diqqətə çatdırıblar. Gənclərimizin zəngin milli-mənəvi dəyərlərimiz əsasında və vətənpərvərlik ruhunda formalaşmasının əhəmiyyətinə toxunulub.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.