Aprelin 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran regional bölməsi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Lənkəran bölgəsi üzrə qazılığının birgə təşkilatçılığı ilə Aprel döyüşlərinin ildönümü münasibətilə “Qəhrəmanlıq ruhunun və mübarizə əzminin nümayişi: Aprel döyüşləri” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran regional bölməsinin müdiri Qağayı Məmmədov, bölmənin əməkdaşları, QMİ-nin Lənkəran bölgəsi üzrə qazısı Qəni Axundzadə, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Çıxışlarda 2016-cı ilin aprel ayında və 2020-ci ilin sentyabrın 27-dən başlayan Vətən müharibəsində Azərbaycan ordusunun Müzəffər Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində parlaq qələbə qazanaraq torpaqlarımızın geri alındığı qeyd edilib. Bu qələbələrin Şəhidlərimizin qanı və qazilərimizin igidliyi hesabına əldə edildiyi vurğulanıb. Natiqlər, Azərbaycan gənclərinin milli-mənəvi dəyərlərə, mənəvi-əxlaqi və yüksək vətənpərvərlik keyfiyyətlərinə malik olduğunu diqqətə çatdırıblar.