Lənkəran və Hacıqabulda Ramazan ayının başlaması ilə əlaqədar tədbirlər keçirilib
01 aprel 2022, 03:30

Martın 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Lənkəran bölgəsi üzrə qazılığının birgə təşkilatçılığı ilə Ramazan ayının başlaması ilə bağlı tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşları Emin Həmidli, Səyyad Babakişiyev, Lənkəran ŞİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Cavad Miriyev, QMİ-nin Lənkəran bölgəsi üzrə səlahiyyətli nümayəndəsi, qazı Qəni Axundzadə, dini icma sədrləri və din xadimləri iştirak ediblər.

Tədbir soyqırımı qurbanlarının və ərazi bütövlüyümüz uğrunda qəhrəmancasına canından keçən şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başlanıb.

Çıxışlar zamanı QMİ-nin Qazılar Şurasının Ramazan ayı ilə bağlı fətvasına və qanunvericiliyin tələblərinə əməl edilməsinin vacibliyi vurğulanıb. Azanların QMİ-nin təqviminə uyğun verilməsinin zəruriliyi qeyd edilib. Eyni zamanda, təfriqə xarakterli, məzhəb və vaxt ayrı-seçkiliyinə səbəb ola biləcək təqvimlərdən istifadənin yolverilməziyi diqqətə çatdırılıb.

Hacıqabul rayonunda da Ramazan ayınının başlaması ilə əlaqədar tədbir keçirilib. DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Sənan Xəlilov Ramazan ayının başlanması münasibətilə görüş iştirakçılarını təbrik edib, ölkəmizdə mövcud olan dövlət-din münasibətlərindən bəhs edib. S. Xəlilov bir çox müsəlman ölkəsində olduğu kimi, Azərbaycanda da Ramazan ayının xüsusi şəkildə qeyd edildiyini vurğulayaraq DQİDK-nın bu istiqamətdə həyata keçirəcəyi tədbirlərdən danışıb.