Lənkəran və Gəncədə radikal ideologiyalara qarşı maarifləndirmə tədbirləri keçirilib
24 iyul 2025, 06:17

İyulun 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran regional bölməsi, Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) və Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazılığının birgə təşkilatçılığı ilə Lənkəran şəhərində “Radikal ideologiyaların qarşısının alınmasında maarifləndirmənin rolu” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Lənkəran regional bölməsinin əməkdaşları Emin Həmidli, Səyyad Babakişiyev, ŞİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Sehran Alışov, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
***
İyulun 24-də DQİDK-nın Gəncə-Daşkəsən regional bölməsi və Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Gəncə şəhər Gənclər evində “Sosial mediada dini radikalizmin yayılmasına qarşı mübarizə metodları” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın regional bölməsinin müdir müavini Elmar Fətəliyev, Regional Gənclər və İdman İdarəsinin rəisi müavini Rəşad Qarayev,  şəhər Gənclər evinin direktoru Şəhriyar Hacıyev, eləcə də gənclər iştirak ediblər.
Çıxışlar zamanı dini radikalizm, ekstremizm və onların mahiyyəti barədə məlumat verilib. Yeniyetmə və gənclərin kənar təsirlərdən, yad dini ideologiyalardan və zərərli vərdişlərdən qorunması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edilib. Natiqlər xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin gənclər arasında fəal təbliğ edilməsinin vacibliyini diqqətə çatdırıblar. Gənclərimizin zəngin milli-mənəvi dəyərlərimiz əsasında və vətənpərvərlik ruhunda formalaşmasının əhəmiyyətinə toxunulub.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.